AZ

“Sevilya” Akor Adamsı heyətinə qatdı

“Sevilya” nigeriyalı mərkəz hücumçusu Akor Adamsı “Monpelye”dən tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid Əndəlüs nəhənginə 5,5 milyon avro məbləğ müqabilində başa gəlib. Nigeriyalı futbolçu ispan klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Akor Adams “Camba Futbol Akademi”nin məzunudur. Adams böyük futbolda “Soqndal”ın heyətində debüt edib, daha sonra “Lilleström” və “Monpelye”də oynayıb.

Cari mövsümün birinci dövrəsi ərzində Adams “Monpelye”nin heyətində 16 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Akor Adams Nigeriyanın U-20 yığmasına cəlb edilib, 2 oyun keçirib və 1 məhsuldar ötürmə müəllifi olub.

Adams böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

“Sevilya”nın sağ cinah müdafiəçisi Qonsalo Montiel isə İspaniya klubundan ayrılıb. La Liqa təmsilçisi argentinalı oyunçunu “River Pleyt”ə satıb. Əndəlüs nəhəngi bu satışdan 4,5 milyon avro qazanıb. 28 yaşlı futbolçu Argentina klubu ilə 2028-ci ilin 31 dekabrına qədər anlaşıb.

Qonsalo Montiel məhz “River Pleyt”in yetirməsidir. O, “Sevilya”ya 2021-ci ilin avqust ayında elə bu klubdan 11 milyon avro müqabilində gəlmişdi. 2023/2024 mövsümünü İngiltərənin “Nottingem Forest” klubunda icarədə keçirmiş müdafiəçi La Liqa klubunda 81 oyun keçirib, 3 qol və 6 assistlə yadda qalıb.

Montiel 2019-cu ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 36 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
4
arena.az

10Mənbələr