AZ

Tıxaclardan qurtulacağıq? - Ekspert: "Bakıda hərəkət daha rəvan, daha sərbəst olacaq"

"Yeni proqramda yol infrastrukturunun optimallaşdırılması, nəqliyyatın şaxələndirilməsi, o cümlədən ictimai nəqliyyatda da sərnişindaşımanın daha təhlükəsiz və keyfiyyətli səviyyəyə çatdırılması istiqamətində müəyyən müddəalar yer alacaq və bu, daha geniş bir proqram olacaq". 

Bu fikirləri Redaktor.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov Prezident İlham Əliyevin göstərişi ilə nəqliyyatla bağlı qəbul olunan dövlət proqramını şərh edərkən dedi. Onun sözlərinə görə, avtonəqliyyat sahəsi iqtisadiyyatın aparıcı sektorlarındandır:

"Buna bənzər bir proqram - Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair dövlət Proqramı var idi. Düzdür, proqramda əsas məqsəd qəzaların sayının azaldılması idi. Lakin 2019-2023-cü illəri əhatə edən proqram da geniş bir proqram idi və paralel olaraq orada bir sıra nəqliyyatla, yol infrastrukturu ilə bağlı müddəalar var idi ki, yenidən həmin müddəaların işlənməsi yeni proqrama da əlavə edilə bilər. Həmçinin burada əsas diqqət yetirilməli məqamlardan biri - Bakı şəhəri və ətraf ərazilərdə avtomobil tıxaclarının yaratdığı problemlər də qeyd edilib. Düşünürəm ki, proqramda tıxaclardan qurtulma yolları da göstəriləcək. Tıxacın obyektiv, subyektiv səbəbləri var. Proqramda müddəalarla bu tıxacların baş vermə səbəbləri ilə bağlı müəyyən müddəalar yer alacaq".

​​​​

Ekspertin fikrincə, Bakı şəhəri və ətrafda şəhərsalma və tikinti məsələlərində də nizam-intizamın yaradılması konkret sərt qaydaların tətbiq edilməsinə səbəb olacaq. 

"Daha sonra parklanma məsələsi var. Bilirsiniz ki, hazırda Bakı şəhərində və ətraf ərazilərdə yaşayış və qeyri-yaşayış obyektləri tikilir. Amma onların parklanma yerləri təşkil olunmur. Bu da öz-özlüyündə sürücüləri məcbur edir ki, avtomobilləri yolun kənarında, avtomobil yolunda saxlasınlar. Bu da əslində tıxaca səbəb olur. Bu proqramın qəbul edilməsi düşünürəm ki, Bakı və ətraf ərazilərdə tıxaclardan azad olunma, nəqliyyatın daha sərbəst hərəkətinin təmin edilməsi, yolların, avtomobil ötürücülük qabiliyyətinin artırılması, yeni körpülər, yol ötürücüləri, hətta tunellərin tikintisi baş verəcək. Bunlar hamısı ümumilikdə Bakı şəhərində hərəkəti daha rəvan, daha sərbəst etməyə imkan verəcək", - deyə Eldəniz Cəfərov bildirdi.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
9
45
redaktor.az

10Mənbələr