Çempionlar Liqası (ÇL) hərdən futbolsevərlərə bolqollu matçlar izləmək imkanı verir. Çərşənbə axşamı Lissabonda olduqca dramatik mübarizənin həyəcanı yaşandı. “Barselona” 1:3 və 2:4 hesabıyla geri düşdüyü oyunda əsla təslim olmadı və “Benfika”ya 5:4 hesabıyla qalib gəldi!
İndi Avropanın ən nüfuzlu klub turnirinin tarixinə düşən ən məhsuldar oyunlara nəzər salacağıq.
Yanvarın 21-də Portuqaliyanın paytaxtında baş tutan matçda qapılara ümumilikdə 9 top vuruldu. Əsası 1992-ci ildə qoyulan ÇL tarixində daha 6 oyunda bu qədər qol qeydə alınıb. 2000-ci il oktyabrın 24-də PSJ evdə “Rusenborq”u, 2022-ci il oktyabrın 25-də Hayfa “Makkabi”sini, 2005-ci il martın 8-də “Lion” evdə “Verder”i, 2019-cu il oktyabrın 1-də “Bavariya” səfərdə “Tottenhem”i 7:2, 2021-ci il sentyabrın 15-də “Mançester Siti” evdə “Leyptsiq”i, 2008-ci il oktyabrın 21-də isə “Vilyarreal” öz meydanında “Olborq”u 6:3 hesabı ilə məğlub edib. Turnirin tarixinə düşən ən məhsuldar oyunlara bir qədər geniş nəzər salaq.
14 avqust 2020
Barselona – Bavariya 2:8
ÇL-də indiyədək bir oyunda yalnız bir dəfə 10 qol qeydə alınıb. Ümumiyyətlə, bu yazıda nəzərinizə çatdırdığımız matçlar arasında yalnız bu oyun avqust ayında baş tutub. Xatırladaq ki, UEFA 2020-ci ildə koronavirus pandemiyasına görə turnirin pley-off mərhələsinin oyunlarını ertələməli olmuşdu. Həm də qaliblər yalnız bir matçda müəyyənləşmişdi. Avqustun ortalarında Hans-Diter Flikin çalışdırdığı “Bavariya” Kike Setyenin “Barselona”sını sözün həqiqi mənasında məhv etdi. Tomas Müller ilə Filippe Koutinyonun dublları, Robert Levandovski ilə Serj Qnabrinin qolları Luis Suaresin canfəşanlığını böyük kölgə altında qoydu. Sözün düzü, matçın əvvəli heç də DÇ-2014-ün yarımfinalında Almaniyanın Braziliyanın başına açdığı müsibətin (7:1) hardasa təkrarlanacağından xəbər vermirdi. Ancaq münhenlilər sona qədər dayanmaq bilmədilər və “Barselona” ÇL-də ən rüsvayçı məğlubiyyətini aldı.
17 sentyabr 2024
Bavariya – Dinamo Z 9:2
Cari mövsümdə az qala ən məhsuldar oyun rekordu təkrarlanacaqdı. “Bavariya” ötən ilin payızında Xorvatiya çempionunun qapısına 9 dəfə yol tapdı. Zaqreb “Dinamo”su Almaniya nəhənginin hücumları qarşısında davam gətirə bilmədi. 2023-cü ildə Londondan Münhenə gələn Harri Keyn bir neçə dəfə penalti ilə qapıya yol tapdı. Yeri gəlmişkən, onu sabiq komandası “Tottenhem” 2019-cu ildə məhz “Bavariya”nın “tapdağı altında qalmışdı” – 2:7. Keyn Münhendəki matçda poker etdi, 4 qoldan üçünü penalti ilə vurdu. İngilis futbolçu bombardirlik göstəricisini bir qədər də gücləndirdi, yerli futbolsevərlər isə sevimli komandasının ifasında futbol şousundan həzz aldılar. Zaqreblilər evə əzilmiş vəziyyətdə qayıtdılar. Amma zaman münhenlilərin bir qədər tez sevindiklərini göstərdi. Ona görə ki, Vensan Kompaninin komandası yeni format əsasında keçirilən vahid liqa mərhələsində “Aston Villa” (0:1), “Barselona” (4:1) və “Feyenoord”a (0:3) məğlub oldu. “Bavariya”nın bu məğlubiyyətlərdən ikisində darmadağına məruz qaldığını da vurğulayaq.
5 noyabr 2003
Monako – Deportivo 8:3
ÇL tarixində uzun müddət ən məhsuldar oyun rekordu məhz knyazlıqda baş tutan matçda qeydə alınmışdı. Əslində cari əsrin əvvəllərində qitənin ən güclü klubları sırasında olan “Monako” ilə “Deportivo” arasında 5 top fərqli hesabın qeydə alınacağı gözlənilməz idi. Xorvatiyalı hücumçu Dado Prşo poker etdi, Dieqo Tristanın iki qolu isə ispaniyalılar üçün kiçik təsəlli oldu. “Monako” həmin mövsümün finalında oynadı, “Deportivo” isə darmadağına baxmayaraq, qrupdan pley-offa çıxdı. İspaniya klubu bu mərhələdə İtaliya nəhənglərindən “Yuventus” ilə “Milan”ı mübarizədən kənarlaşdırdı. Özü də Milandakı 1:4 hesablı məğlubiyyətdən sonra Karlo Ançelottinin çalıdırdığı komandanı La Korunyada daha böyük hesabla məğlub etdi – 4:0. Onda tarixinin ən güclü dövrünü yaşayan “Deportivo”nun qarşısını yarımfinalda Joze Mourinyonun “Portu”su kəsdi. Həmin “Portu” isə finalda “Monako”nun qapısından üç cavabsız top keçirdi.
22 noyabr 2016
Borussiya D – Legiya 8:4
Gəldik əsas fakta. ÇL-in məhsuldarlıq rekordu Dortmundda qeydə alındı. Əslində yerli “Borussiya” 2016-cı ildə çox da güclü komanda sayılmırdı. Buna baxmayaraq, Tomas Tuxelin başçılığı altında “Legiya”nı 8:4 hesabıyla məğlub etdi. ÇL kimi yüksək səviyyəli turnirin oyununda 12 qol müasir futbol üçün ağlagəlməz nəticədi. Göründüyü kimi, çox da uzaq keçmişə aid fakt deyil. Bu isə futbolun hələ də unikal oyun olduğuna işarədi. Onda Şindzi Kaqava, Marko Roys və Nuri Şahin polşalıların arxa xəttini darmadağın etmişdilər. Vaxt çox tez ötüb keçir. Bir neçə gün əvvəl məhz ÇL matçında “Bolonya”ya məğlubiyyət (1:2) Şahinin “Borussiya”nın baş məşqçi vəzifəsindən qovulmasına səbəb oldu...
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta