AZ

Ermənipərəstlər AŞPA-da tam sürətli hücumda- Azərbaycan Azərbaycansız müzakirə olunur...

Image

Xəyal Bəşirov: “ AŞPA-dakı qərəzli deputatlar öz əsassız və absurd iddialarından əl çəkməli və Azərbaycan nümayəndə heyətinin etimadnaməsi bərpa edilməlidir”

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçirilir. Deputatlar bir neçə məsələni - Belarusdakı prezident seçkilərini, Gürcüstanda parlament seçkilərini, o cümlədən də bir il əvvəl AŞPA-da səsvermə hüququ dondurulmuş Azərbaycan nümayəndə heyətinin taleyini müzakirə edəcək. 

Yəni AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı ilə bağlı məsələnin müzakirəsi də gözlənilir. AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatına baxılması məsələsi bizim üçün əsas məsələdir.

AŞPA niyə belə edir? Bu qadağa hansı hallarda götürülə bilər?

Azərbaycan nümayəndə heyətinin taleyinin müzakirəsi keçiriləcək, gözləntilər nədir? AŞPA verdiyi bədnam qərarı ləğv edə bilərmi?

“Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqe tutan AŞPA-nın rəhbər şəxsləri bu bir ilin daha çox kimin üçün itkilərə səbəb olduğunu anlayacaqlar”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində "Avropa Şurası Parlament Assambleyasında dar çərçivədə bəzi qüvvələrin maraqlarına xidmət edən insanların təsirləri altında qərarların qəbul edilməsi bizə bəllidir. Frank Şvabe kimi bəzi parlamentarilər mövqelərində qərəzli, ədalətsiz, eyni zamanda müəyyən maraqlara xidmət etdiklərini dəfələrlə göstərdilər. Ötən ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin dondurulması, qəbul edilməməməsi və Azərbaycan nümayəndə heyətinin AŞPA-nın iclasını etiraz əlaməti olaraq tərk etməsi, təbii ki, bizim münasibətlərimizdə çox ciddi qarşıdurma, problemlər yaradıb. Təbii ki, Avropa Şurası Parlament Assambleyası bu qərarını hansısa məqamlarla əsaslandırmağa çalışır. Amma təbii, Azərbaycanın da bu məsələ ilə bağlı mövqeyi, şərtləri var. Təkcə bu hadisədən sonra deyil, Azərbaycan bundan bundan əvvəl də bütün beynəlxalq təsisatlara, ayrı-ayrı dövlətlərə, beynəlxalq hüququn digər subyektlərinə çağırışlar edib ki, Azərbaycanla yalnız və yalnız bərabərhüquqlu əməkdaşlıq platformasında iştirak edə bilərlər. Azərbaycan belə əməkdaşlığa, belə münasibətlərə, bu siyasətə üstünlük verir. Azərbaycanla diqtə dilində, şərt dilində danışmaq, özü də birtərəfli qaydada şərtlər irəli sürmək, təbii ki, bizim tərəfimizdən qəbuledilməzdir. AŞPA ilə münasibətdə də eyni prosesin tərəfdarıyıq. Biz İkinci Qarabağ müharibəsindən sonra öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra, çox təəssüflər olsun ki, bir sıra beynəlxalq təsisatlardan, o cümlədən də AŞPA-da olan qüvvələrdən qərəzli münasibət görmüşük. Bizim qələbəmizə, Cənubi Qafqazda formalaşdırdığımız yeni reallığa qəbuledilməz yanaşma tərzinin şahidi olmuşuq. Təbii, bu bizə əsas verir ki, həmin qüvvələrin Azərbaycanın uğurlarına sevinmədiklərini, ermənipərəst siyasət yürütdüklərini, ən azı, ermənipərəst siyasət olmasa da belə, antiazərbaycan mövqeyində olduqlarını dilə gətirək. Bu proseslərin məntiqi nəticəsidir ki, bizim bu gün AŞPA ilə münasibətlərimiz gərginləşib və bu səviyyəyə gəlib çatıb"-deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, Azərbaycan tərəfi bununla bağlı bütün səviyyələrdə öz mövqeyini bildirib, Azərbaycan AŞPA-da həmin o qüvvələrin, hansılar ki, qərarların qəbul edilməsində əsas rol oynayırlar, onların özlərinin əsassız, absurd ittihamlarından əl çəkmələrini istəyir: “Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin bərpa edilməsini gözləyir. AŞPA-dakı qərəzli deputatlar öz əsassız və absurd iddialarından əl çəkməli və Azərbaycan nümayəndə heyətinin etimadnaməsi bərpa edilməlidir. Orda Gürcüstanda və Belarusda seçkilərin keçirilməsi ilə bağlı müzakirələr aparılacaq. Deyə bilərik ki, AŞPA Cənubi Qafqazda təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Gürcüstana münasibətdə ədalətsiz mövqe tutub, Gürcüstanın daxili işlərinə qarışmaq bahasına olsa belə, orda hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Bu da ondan xəbər verir ki, həmin o təsisatlar Cənubi Qafqazla bağlı siyasətlərini hər üç dövlətə münasibətdə fərqli həyata keçirməyə çalışırlar. Azərbaycana təzyiqlər nəticə vermədikdə bu prosesi Gürcüstan vasitəsilə həyata keçirirməyə cəhd göstərirlər”.

X.Bəşirov qeyd etdi ki, həmin təsisatlar Ermənistana münasibətdə fərqli siyasət yürüdürlər. Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, üç Cənubi Qafqaz dövlətindən, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan o qüvvələrin çaldığı havaya oynamağa həvəs göstərir və bu prosesi davam etdirir. “Amma bütün hallarda onlar gözəl anlayırlar ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan olmadan Ermənistanın hər hansı bir rolu yoxdur, çünki Ermənistan Cənubi Qafqazdan kənara çıxışı olan bir dövlət deyil. Bu ölkəyə daxil olmaq üçün mütləq şəkildə ya Azərbaycandan, ya Gürcüstandan istifadə edilməlidir. Ona görə də onları daha çox Gürücstan və Azərbaycan maraqlandırır. Məhz buna görə də, onlar Azərbaycana və Gürcüstana münasibətdə təzyiqlərini davam etdirməyə çalışırlar. Təbii ki, biz müstəqil siyasət yürüdürük. Müstəqil siyasət yürüdən dövlətlə bu şəkildə, bu tonda şərtlərlə danışan tərəfin şərtlərini qəbul etməyəcəyik, etmirik də. Bizim gözləntimiz ondan ibarətdir ki, keçən ilin yanvar ayından bu ilin yanvar ayına qədər  Azərbaycana münasibətdə qərəzli və ədalətsiz mövqe tutan AŞPA-nın rəhbər şəxsləri bu bir ilin daha çox kimin üçün itkilərə səbəb olduğunu anlayacaqlar, qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atacaqlar. Əks təqdirdə, əlbəttə, bizim şərtlərimiz, mövqeyimiz bəllidir, öz mövqeyimizdən geri çəkilmək niyyətində deyilik”-deyə X.Bəşirov bildirdi.

İradə SARIYEVA





Seçilən
10
23
baki-xeber.com

10Mənbələr