AZ

Ötən il Konstitusiya Məhkəməsinə 2049 ərizə və şikayət daxil olub

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Apress.az xəbər verir ki, iclası açan Fərhad Abdullayev bildirib ki, bu gün banisi Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan dövləti ən yüksək inkişaf mərhələsini yaşayır. Tarixin ən mühüm və taleyüklü məsələsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun parlaq Qələbəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Bu gün azad edilmiş ərazilərdə dövlətimizin Əsas Qanunu olan – Konstitusiyanın hüquqi qüvvəsi bərpa olunub.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə böyük müvəffəqiyyətlə icra olunan bərpa-quruculuq işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd edilib ki, bu Sərəncamı rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdir. Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə və konstitusiya şikayəti, onlardan 859 ərizə və konstitusiya şikayəti onlayn müraciət vasitəsilə daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh vermiş, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar vermişdir. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilmiş və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib.

Vurğulanıb ki, 2024-cü ilin mühüm hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsində növbədənkənar Prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən ilin iyunun 27-də Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxıb. Daha sonra sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.

Bildirilib ki, 2024-cü ilin oktyabr ayında Konstitusiya Məhkəməsi Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birlikdə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda hüquq olimpiadası təşkil edib və qaliblər mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, ötən il ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edib.

Konstitusiya Məhkəməsinin nümayəndələri COP29 çərçivəsində keçirilmiş konfrans və seminarlarda iştirak ediblər. Ötən il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak edib. Konqresin yekununda qəbul edilən Banqkok Bəyannaməsində Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Bakı şəhərində keçirilən COP29 tədbirinə öz dəstəklərini ifadə ediblər.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Sədr yekun nitqi ilə çıxış edərək diqqətə çatdırdı ki, Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı tövsiyələr etmiş, cari ildə Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar verib.

Seçilən
12
9
apress.az

10Mənbələr