AZ

Növbənöv kolbasa məmulatlarının keyfiyyətinə necə əmin olaq?

AQTİ-nin sektor müdiri: Kolbasanın keyfiyyət göstəricilərindən biri də əsas tərkib komponentlərindən olan yağların rəngidir

Gündəlik qida rasionumuzda istifadə etdiyimiz ət məhsullarından biri də kolbasa və sosislərdir. Bu gün satış obyektlərinin piştaxtalarında alıcılara təqdim edilən kolbasaların çeşidi də artıb. Amma çox zaman bu məhsulların hansı şəraitdə, necə, nədən hazırlandığı,  təhlükə daşıyıb-daşımaması ilə bağlı maraqlanmaq kimsənin yadına düşmür. 

 “İki sahil” olaraq mövzu ilə mühüm məqamlara aydınlıq gətirmək üçün  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sektor müdiri Aynur Heydərova ilə həmsöhbət olduq:

-Kolbasanın tərkibi nədən ibarətdir, onun istehsalında hansı ətlərdən istifadə edilir? Keyfiyyətli kolbasanı necə tanımalı? 

-Kolbasa məmulatlarının istehsalının əsasını tərkib hissəsinin düzgün seçimi təşkil edir. Kolbasa istehsalında əsas ət məhsulları mal, o cümlədən dana və donuz əti olsa da, qoyun, quş və digər ət növlərindən, həmçinin müxtəlif qida qatqılarından, duz, şəkər, ədviyyatlardan da istifadə edilir. Kolbasanın çəhrayı-qırmızı rəngdə olması istehsal prosesində xam məhsulların yekun məhsula qədər keçdiyi mərhələlərdə düzgün ardıcıllığa riayət edilməsindən xəbər verir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığını və ya tezliklə korlanacağını göstərir. Hisə verilmiş kolbasaların rəngi isə ətin növü və istehsal zamanı texnoloji prosesdən asılıdır. Qeyd edək ki, məhsulda göy və ya yaşıl ləkələr nişastanın miqdarının çox olması ilə bağlıdır. Kolbasanın keyfiyyət göstəricilərindən biri də əsas tərkib komponentlərindən olan yağların rəngidir. Bunu kəsilmiş kolbasa məhsulunda daha aydın görmək olar. Keyfiyyətli məhsulda yağ ağ, keyfiyyətsiz məhsulda isə sarı rəngdə olur.

-Bu məhsulun saxlanma qaydası haqqında oxucularımıza hansı zəruri məlumatları verə bilərsiniz?

-Kolbasa məhsullarının qısa müddətdə istehlak edilməsi tövsiyə olunur. Lakin müasir qablaşdırma üsulları (məsələn, vakuum və ya qaz) məhsulun istehlak müddətini artırmaqla yanaşı, keyfiyyət və qidalılıq xüsusiyyətini qorumağa da imkan verir. Keyfiyyətli sosis, sardelka və südlü kolbasaların saxlanma müddəti 30 gün, hisə verilmiş kolbasaların saxlanma müddəti isə 3 aydır. Kolbasa və sosis məhsulları soyuducuda 0-12° C temperaturda saxlanmalıdır. Belə şəraitdə saxlandıqda məhsullar bir neçə ay təzə qalır. Kolbasa məmulatlarını polietilen torbalarda saxlamaq olmaz. Bu, məhsulların keyfiyyətini aşağı salaraq, onun dadının korlanmasına səbəb ola bilər. Kolbasa məmulatları qapaqlı konteynerlərdə və ya qida məhsulları üçün nəzərdə tutulmuş kağızlara bükülərək saxlanıla bilər. Kolbasa və sosis məhsullarının etiketindən onların tərkibi və təhlükəsizliyi, istehsal tarixi və istehlak müddəti, həmçinin saxlanma şəraiti haqqında məlumat əldə etmək mümkündür.

-Gün ərzində nə qədər kolbasa yemək olar?

-Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa və sosis məhsullarının insan sağlamlığına zərərini nəzərə alaraq istehlakının sutka ərzində 50 qrama qədər azaldılmasını tövsiyə edir. Bunun başlıca səbəbi kimi kolbasa məmulatlarının çoxmərhələli kimyəvi emalı göstərilir.

-Bəzən metro stansiyalarının çıxışlarında,  hətta bazarlarda açıq hava şəraitində satılan kolbasa və sosislərə rast gəlirik. Bu məhsulların  açıq havada satılmasının qarşısını almaq üçün AQTA tərəfindən hansı tədbirlər görülür? 

-Nəzarət tədbirləri çərçivəsində  AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosislərdən nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Agentlik tərəfindən məhsulların təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. 

-“HALAL” adı ilə satışa çıxarılan kolbasa və sosislərin analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti olması faktı aşkarlanır. İstehlakçılar arasında "HALAL" nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə  Agentlik tərəfindən hansı tədbirlər görülür?

-AQTİ tərəfindən qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən “HALAL” sertifikatlaşma prosesi həyata keçirilir. Proses çərçivəsində artıq 8 qida subyekti tərəfindən “HALAL” sertifikatlaşma ilə bağlı instituta müraciət olunub. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən 2 qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim olunan sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu, o deməkdir ki, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir.

-Bəs, “HALAL” sertifikatının təqdim edilməsi prosesi hansı mərhələlərlə həyata keçirilir?

-“HALAL” sertifikatının təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən “www.afsi.gov.az veb” səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq “[email protected]” elektron poçt ünvanına göndərilir. Sonra institutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir. Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində keyfiyyət və təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə asan şəkildə məlumat versinlər. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr