AZ

Dünya futbolunun “Qızıl fit”li hakimi

XX əsr Azərbaycanının isə ən məşhurlarından biri

Bu gün görkəmli şəxsiyyət, Beynəlxalq Futbol Federasiyası (FİFA) hakimlər korpusunun Azərbaycanda ilk səlahiyyətli nümayəndəsi, bu ali təşkilatın “Qızıl fiti”nin sahibi, 2 Dünya çempionatının final mərhələsi oyunlarının hakimi Tofiq Bəhram oğlu Bəhramovun anadan olmasının 100-cü ili tamam olur. Ölkəmizin tarixində XX əsrin ən məşhur simalarından biri kimi yaşayan bu unudulmaz insan, əsl futbol adamı sevib-seçdiyi yolda illər boyu milyonlarla azarkeşin diqqət mərkəzində olmuş, onların alqış və rəğbətini qazanmışdır. 

Bütün həyatı futbolla sıx bağlı olmuş T.Bəhramov prinsipial, qətiyyətli və obyektiv hakim kimi təkcə Azərbaycanda, Sovet İttifaqında deyil, dünyada yüksək nüfuz sahibi idi. Məhz inamlı hakimliyi sayəsində SSRİ çempionatının güclülər dəstəsində 146 oyuna baş hakim kimi təyinat almış, 13 dəfə ölkənin ən yaxşı 10 hakiminin siyahısına daxil edilmişdi. 

Ötən əsrin altmışıncı illərinin ortalarından beynəlxalq dərəcəli hakim adı daşımış həmyerlimizin FİFA və UEFA-nın bayrağı altında keçirilən ən böyük yarışlara, o cümlədən, iki dünya çempionatının final mərhələsinin görüşlərinə, qitə miqyaslı oyunlara dəvət olunması onun yüksək səviyyəli hakimliyini sübut edirdi. 

T.Bəhramovun hakimlik fəaliyyətinin zirvəsi, çoxlarınızın da yaxşı bildiyiniz kimi, 1966-cı ildə İngiltərədə və bundan dörd il sonra Meksikada keçirilmiş mundiallar olmuşdur. Londonun “Uembli” stadionunun tribunalarından 100 minə qədər tamaşaçının izlədiyi İngiltərə – Almaniya final matçında (4:2) ingilislərin vurduğu üçüncü qolla bağlı yan xətt hakimimizin çıxardığı və aləmə səs salan qərarı aradan 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də müzakirə olunan və hakimin mübahisəli epizodda düzgün qərarı kimi yadda qalıb. Həmin çempionatdan sonra Bəhramovun FİFA-nın “Qızıl fiti”nə layiq görülməsi onun hakimliyinə və ani halda çıxardığı qərara verilən layiqli mükafat idi.

Azərbaycanda ilk beynəlxalq dərəcəli futbol hakimi “Mexico – 70”də isə üç oyunda iş başında olmuş, o cümlədən, finala bərabər Braziliya – Uruqvay yarımfinal görüşündə (3:1) ispan baş hakimin köməkçisi funksiyasını yerinə yetirmiş və göstərilən etimadı doğrultmuşdur. 

Demək olar, uzun illər ərzində futbolla yaşamış, həm oynamış, həm də məsul vəzifələrdə çalışmış – uşaqların “Sevinc” futbol klubunun prezidenti, bir çox il ərzində Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda bədən tərbiyəsi və idman kafedrasına rəhbərlik etmiş, AFFA-nın baş katibi kimi fəaliyyət göstərmiş Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Bəhramov Azərbaycan futboluna öz layiqli töhfələrini vermişdir. Onun futbola dair bir neçə kitabı da respublikamızda bu oyunun təbliğinə və daha geniş yayılmasına xidmət etmişdir.

Futbolda səmərəli fəaliyyətinə görə Azərbaycanın ən əzəmətli idman qurğularından biri – 1951-ci ildən idman həvəskarlarımızın sevimli istirahət yerinə çevrilən 74 yaşlı Respublika stadionu 1990-cı illərin ikinci yarısından T.Bəhramovun adını daşıyır. Arenanın önündə onun heykəlinin ucaldılması da böyük hörmətinin təzahürüdür.

Qışda – 1925-ci il yanvarın 29-da həyata göz açıb, erkən baharda – 1993-cü il martın 26-da 68 yaşında onunla vidalaşmış bu sadə və təvazökar insan öz işinin əsl ustası idi. Onun dünya futbol tarixində adı stadiona verilmiş ilk hakim olması ilə hər bir həmvətəni qürur duya bilər. 

Azərbaycan idmanının haqlı olaraq fəxr etdiyi ölkəmizdə FİFA-nın ilk beynəlxalq dərəcəli hakimi T.Bəhramov  anadan olmasının 100 illiyi münasibətilə qələmə aldığımız bu yazının məğzini təşkil edən qətiyyətli, obyektiv və vicdanlı hakim kimi futbol dünyasında yaxşı iz buraxmışdır. Bu nəcib keyfiyyətlər meydanda onun təmkinli, soyuqqanlı və dəqiq hakimliyində mühüm rol oynamışdır. 

Bu gün diqqətinizə çatdırdığımız foto da Tofiq Bəhram oğlunun həmişə oyunları qətiyyətlə, heç kimə güzəştə getmədən, qaydalara tam uyğun şəkildə idarə etdiyinin əyani təsdiqidir. Budur, o, 1967-ci il SSRİ çempionatında Moskva “Dinamo”sunun qapısına tərəf cərimə zərbəsi təyin etmişdir və rəqib komanda zərbəni yerinə yetirməzdən əvvəl paytaxt futbolçularından məsafəyə ciddi əməl etməyi tələb edir.

Futbol ictimaiyyətimiz də, öz növbəsində, həmişə məşhur həmvətənimizi hörmət və ehtiramla yad edir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

 

Seçilən
10
3
xalqqazeti.az

10Mənbələr