Onun haqqında çoxlu yazılar yazılıb, filimlər çəkilib, televiziya proqramları hazırlanıb. Dünyanın elə bir ölkəsi yoxdur ki, onun qətiyyətindən xəbərdar olmasınlar. Sadəcə son anda verdiyi qərarla milyonların yaddaşında qalan insanı bu gün hər kəs xatırlayır. Ən yüksək texnologilayaların istifadə edildiyi dövrdə də onun düzgün qərar çıxartdığı sübuta yetirilib. Bəli, söhbət bu gün 100 yaşı tamam olan əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovdan gedir.
Tofiq Bəhramovun şəxsiyyəti barədə çox yazılıb. Onun özünə məxsus keyfiyyətləri, qətiyyəti keçmiş SSRİ-nin Hakimlər Komitəsində hər kəsə bəlli idi. Ona görə də Tofiq müəllim o vaxtkı SSRİ çempionatının ən prinsipal oyunlarına təyinat alırdı. “Spartak”-“Dinamo”(Kiyev), “Dinamo”(Kiyev) – “Dinamo”(Moskva) və digər prinsipal matçlara həmyerilimizin təyinatı, həmin komandalarda da arxayınlıq yaradırdı. Hər kəs bilirdi ki, oyunu idarə edən Bəhramovdursa görüşdə ədalət sona qədər qorunacaq. Həmişə də belə olurdu və Tofiq müəllim əbəs yerə SSRİ-nin ən yaxşı hakimlərindən biri deyildi. Məhz buna görə də, Tofiq Bəhramov 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatına dəvət alan hakimlər sıyahısına daxil edilmişdi. Həmyerlimizin çempionatın final oyununu idarə edən hakimlər sırasında yer alması, ona olan inamın nəticəsi idi. Həlledici matçda İngiltərə millisi Almaniya Federativ Respublikasının futbolçuları ilə qarşılaşırdı. Hər şey də həmin matçda baş verdi və bütün dünya Tofiq Bəhramovdan danışdı. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Tofiq Bəhramov həmin gün dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırdı.
Dünya şöhrətli hakimimizin 100 illik yubileyi ilə bağlı Tofiq Bəhramovun yetirməsi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini KONKRET.az-a danışıb:
“Bütün dünyanın susduğu an Tofiq müəllimin qətiyyətli qərarı hər şeyi dəyişdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı. Əlbəttə, bu tarixi qərar haqqında fikirlər birmənalı ola bilməzdi. Çünki, futbol oyunu dünyanın ən çox sevilən idman növüdür. Hər bir azarkeş subyektiv fikrə malikdir. Mən sizə bir insanın fikrini çatdırmaq istəyirəm. Bu, həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyndir. Əgər almanlar finala çıxmasaydı, o final matçının baş hakimi olacaqdı. Rudolf Kreytleyn matçın ertəsi günü Tofiq Bəhramovun qərarını dəstəklədiyini və bu qərara hörmətlə yanaşmağı xahiş etmişdi.
Mən bu tarixi oyunu uşaq vaxtı televiyadan izləmişəm. Sonralar futbolçu fəaliyyətimi bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə unudulmaz, qəribə hisslər keçirirdim. Sonralar onun nə qədər səmimi, sadə, pozitiv insan olduğunu gördüm. O, hamı üçün beləydi.
Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edirdik. Yanımızdan ötənlərin böyük əksəriyyəti Tofiq müəllimə salam verib keçərdi. Tofiq müəllim insanlarla münasibətdə həmişə diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına da aparmışdı. İnsanların ona olan baxışları və münasibəti mənə xüsusi zövq verirdi. Mən fəxr edirdim ki, Tofiq müəllimin yanındayam və onun yetirməsiyəm.
Daha bir tarixi faktı qeyd edim. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi. Mənim adım siyahının lap aşağısında qeyd olunmuşdu. Sonradan Tofiq müəllim öz imzası ilə mənə şəxsi təqdimat hazırladı və bu sənəd Moskvaya göndərildi. Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimat sonralar mənim hakimlik həyatımda böyük rol oynadı. Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti olub”.
Tofiq müəllimdən danışan qocaman hakim sanki kövrəlir və öz müəllimi qarşısında imtahana hazırlaşır. Necə də olmasa Gülağa Cabbarovun hakim kimi yetişməsində Bəhramovun əvəzsiz xitməti olub: “Tofiq müəllim hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplantısının rəisi seçilmişdi. Həmin il biz Krasnodarda təlim-məşq toplantısında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi. Bir gün Tofiq müəllim vaxt tapıb bizimlə görüşməyə gəldi. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdılar. Azərbaycan hakimləri bir yerə toplaşıb söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı: “Uşaqlar, Bəhramov gəlir”. Həmin hakimin həyəcandan səsi titrəyirdi. Elə bil 100 il görmədiyi bir insanı görürdü. Bu səs bu gün də qulağımdadır. Tofiq Bəhramov yeganə hakim idi ki, ona 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi. Yalnız Tofiq müəllim SSRİ-ni iki dəfə dünya çempionatında təmsil etmişdi. Hətta deyilənə görə 1974-cü il Dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi. 1970-ci il dünya çempionatının yarım final matçı və 1968-ci il Avropa çempionatının oyunları məhz Tofiq müəllimə həvalə edilmişdi. 1966-cı il Dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə “qızıl fit” mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının hər bir üzvünə verilməyə başladı.
O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi. 1970-ci il SSRİ çempionatının yekununda 2 komanda MOİK və “Dinamo Moskva” komandaları bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov ustalıqla idarə etmişdi. O, 1972-ci ildə UEFA kubokunun final matçı “Vulverhemton” – “Tottenhem”, Çempionlar liqasının yarım final matçı “Mançester Yunayted” – “Real Madrid” və Qitələrarası kubokun final matçı “İndependyente” – “Ayaks” oyunlarının baş hakimi olub.
1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim AFFA-nın ilk baş katibi olub. Həmin il Böyük Britaniyanın Baş naziri Margaret Tetçer Azərbaycanda səfərdə olan zaman xahiş etmişdi ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun. Dünya şöhrətli qapıçı, “Qızıl top”un sahibi Lev Yaşin futbolçu karyerasını bitirən zaman vida matçını Tofiq Bəhramovun idarə etməsini xahiş etmişdi. Həmin matçda dünya futbolunun ulduzları iştirak edirdilər.
15 il əvvəl- 2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Pollun Tofiq Bəhramovu dünyanın “Ən yaxşı 50 futbol hakimi” siyahısına daxil etməsi həmyerlimizə hörmət və ehtiramdan irəli gəlir”.
Gülağa müəllim, sonda bir daha İngiltərə-Almaniya matçında baş verənlərə qayıdır: “Bu gün müasir texnologiyaların tətbiq edildiyi oyunlarda bəzən səhvlərə yol verilir. Amma 2016-cı ildə “Sky Sports” kanalı müasir video-texnologiyaların köməyindən yararlanaraq Tofiq Bəhramovun düzgün qərar qəbul etdiyini, topun həqiqətən qapı xəttini keçdiyini sübut edib”.
Vəli Həsənoğlu,
KONKRET.az