AZ

Xərçəngi 1 saniyəyə müalicə edən inqilabi üsul kəşf olundu

Xərçəngin müalicəsini 1 saniyədə həll edəcək üsul kəşf olunub.

Doktorm.az Musavat.com-a istinadən bildirir ki, tədqiqatçılar hesab edirlər ki, öncül yeni müalicə ənənəvi radioterapiya ilə müqayisədə daha az yan təsirlə daha geniş spektrli xərçənglə mübarizə aparmağı vəd edir. Ən əsası isə müalicə 1 saniyədən az vaxt aparır.

İsveçrənin Cenevrə şəhərinin kənarındakı ucsuz-bucaqsız yeraltı laboratoriyalarda yeni nəsil radioterapiya aparatlarının yaranmasına səbəb ola biləcək təcrübələr aparılır. Ümid odur ki, bu cihazlar mürəkkəb beyin şişlərini müalicə etməyə, daxili orqanlara metastaz vermiş xərçəngləri aradan qaldırmağa və ümumiyyətlə xərçəng müalicəsinin insan orqanizminə vurduğu zərəri məhdudlaşdırmağa imkan verə biləcək.

Bu təcrübələr dünyada yaxşı tanınan hissəciklər fizikası üzrə Avropa Laboratoriyasında (Cern) 27 kilometr uzunluğunda superkeçirici maqnit halqası olan Böyük Adron Kollayderdə gerçəkləşdirilir.

Cernin ən böyük nailiyyəti 2012-ci ildə digər hissəciklərə öz kütləsini verən və bununla da kainatda mövcud olan hər şeyin əsasını qoyan “Tanrı hissəciyi” təsbit etməsi oldu. Lakin son illərdə mərkəzin yüksək enerjili hissəciklərin sürətləndirilməsi üzrə unikal təcrübəsi yeni bir kəşfi - Flash yanaşmasını ortaya qoyub. Bu yanaşma ilə xərçəng şişi olan gəmiricilərə ultra yüksək dozada, bir saniyədən az məruz qalma şərti ilə şüa ötürülüb, bununla da sağlam toxumaları qorumaqla xərçəng şişləri məhv edilib. Bu üsul xərçəngin müalicəsində əsaslı irəliləyiş kimi təsvir olunur. Gəmiricilərdə, ev heyvanlarında və indi də insanlarda geniş çeşidli şişləri müalicə etmək üçün Flash yanaşmasından istifadə olunur.

Flash konsepsiyası bütün xərçəng xəstələrinin üçdə ikisinin müalicəsində ən çox yayılmış radioterapiyanı sıxışdıracaq. Ənənəvi radioterapiya xərçəng toxumalarının ən azı bir neçə dəqiqə radiasiyaya, adətən rentgen şüalarına məruz qalmasını nəzərdə tutur. Son 30 ildə qabaqcıl görüntüləmə skanları və ən müasir radioterapiya maşınları fərdi şişi artan dəqiqliklə hədəf almağa imkan verir. Lakin radioterapiyanın zərərli və ya ölümcül yan təsirlər riski mövcuddur.

Xərçəng mütəxəssisləri uzun müddətdir ki, radiasiya dozasını artırmağın onların müalicəsi çətin olan xərçəng xəstələrini müalicə etmək qabiliyyətini xeyli artıracağına inanırdılar

Məsələn, əvvəllər aparılan araşdırmalar göstərmişdi ki, beyinə metastaz vermiş şişləri olan ağciyər xərçəngi xəstələrində radiasiya dozasını artırmaqla xəstəni xilas etmək olar. Flash yanaşması xərçəng şişi ətrafındakı sağlam toxumalara təsirini minimuma endirməklə yanaşı, bədənə ötürülən radiasiyanın miqdarını nəzərəçarpacaq dərəcədə artırmağa imkan verir.

Bir təcrübədə Flash vasitəsilə 2 dövrə radiasiya verilmiş sağlam laboratoriya siçanlarında gözlənilən tipik yan təsirləri inkişaf etməyib. Flash adi şüalanma ilə müqayisədə daha az normal toxuma zədəsi yaradır, şiş əleyhinə effektivliyə xələl gətirmir – bu ənənəvi müalicədən keyfiyyətcə fərqlənir.

Radioterapiyanın ən dəqiq formalarından biri karbon ionları ilə həyata keçirilən hadron terapiyasıdır. Lakin bütün dünyada bunu təmin edə biləcək cəmi 14 obyekt var ki, onların hər birinin qiyməti təxminən 150 milyon dollardır. Hazırda bu terapiya radiasiyanın bir neçə dəqiqə ərzində çatdırıldığı adi dozaj rejimindən istifadə etməklə həyata keçirilir. Bununla belə, Flash protokolu ilə ionlar bir saniyədən az müddətdə şişə çatdırılacaq.

Flash terapiyalarının tətbiqi ilə bağlı çətin bir problem var. Atomaltı hissəciklərin yaradılması son dərəcə mürəkkəb hissəcik sürətləndiriciləri tələb etdiyinə görə, hazırda bu müalicəni yalnız ixtisaslaşmış mərkəzlərdəki ölçüləri böyük avadanlıqlar vasitəsilə həyata keçirmək mümkündür. Təbii ki, bu da çox bahalı avadanlıqdır. Bununla belə tədqiqatçılar Flash-ın ehtiyacı olan hər kəs üçün əlçatan olacağına ümid edirlər. Hazırda proton terapiyası kimi müalicələr xəstələrin nisbətən kiçik bir hissəsi üçün əlçatandır.

ABŞ-ın Pensilvaniya Universiteti Perelman Tibb Məktəbinin radiasiya onkoloqları bu ilin sonunda təkrarlanan baş və boyun xərçəngi olan xəstələrdə öz sınaqlarını başlamağa ümid edirlər.

Təklif olunan sınaqlara rəhbərlik edəcək Pensilvaniya Universitetinin radiasiya onkologiyası professoru Alexander Lin deyir ki, baş və boyun xərçəng şişlərini cərrahiyyə yolu ilə çıxarmaq mümkün deyil. Standart radioterapiyanın başqa bir kursundan keçmək potensial olaraq çənə sınıqları, ağız yaraları və hətta karotid arteriyanın potensial ölümcül zədələnməsi kimi təhlükəli yan təsirlərə gətirib çıxara bilər. Ona görə də Flaşının daha az zərərli olacağına inanırlar.

Hazırda Flash-ın faydalarını geniş bir maşın tələb etmədən dərin şişlərə tətbiq etməyə imkan verə biləcək maşınların istehsalı üçün işlər aparılır. Yekun məqsəd radioterapiya avadanlığı olan hər bir xəstəxananın Flash-la təmin etməkdir.

Tədqiqatçılar inanırlar ki, X-ray Flash maşınları zamanla mövcud adi rentgen aparatlarını əvəz edə biləcək. Onlar nikbindir ki, daha yeni sürətləndiricilər onkoloqlara beyin xərçənginin ən çox yayılmış forması və xəstəliyin ən ölümcül formalarından biri olan glioblastoma kimi daha mürəkkəb şişlərlə mübarizə aparmağa imkan verə biləcək.

Flash maşınları metastatik xəstəliklərin müxtəlif formalarının (xərçəngin ilkin yerdən yayıldığı) müalicəsini təkmilləşdirə və əvvəllər sağalmaz hesab edilən xəstələri həqiqətən sağalda bilər.

Başqa bir ümid odur ki, Flash son nəticədə radioterapiyanın hamı üçün daha əlçatan olmasına kömək edə bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin xərçəng terapiyası üzrə fəaliyyət proqramının direktoru Lisa Stevens deyib ki, bu gün aşağı gəlirli ölkələrdə xərçəng xəstələrinin yalnız 10 faizinin radioterapiyaya çıxış imkanı var, yüksək gəlirli ölkələrdə isə bu rəqəm 90 faizdir. Flash maşınları isə aşağı və orta gəlirli ölkələrdə yaşayan xərçəng xəstələrinin ehtiyac duyduqları müalicəni almasını asanlaşdıra bilər.

Hazırda Flash-ı idarə edə bilən, normal ölçülü bir maşın əldə olunması üçün təcrübələr aparılır. Bu mümkün olsa, daha çox xərçəng xəstəsini müalicə etmək mümkün olacaq. Bir çox ekspertlər hesab edirlər ki, Flash xərclərə qənaətlə yanaşı, xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

Seçilən
1
2
Doktorm.az

3Mənbələr