AZ

Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AÇIQLAMA

Bazarda bolluq olduğundan qiymət də əlçatan olurdu

“Bizdə kənd təsərrüfatı, heyvandarlıq inkişaf etdirilməlidir. Yerli istehsal artırılmalıdır. Çıxış yolu budur”

Yunanıstan, Polşa, Nigeriya və İngiltərənin bəzi ərazilərindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd olunur ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanların çiçək, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriyanın Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

 Azərbaycanın qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. 
Qeyd edək ki, bəzi ölkələrdən heyvan mənşəli məhsulların idxal edilməsinə qadağa qoyulmazdan əvvəl daxili bazarda ətin qiymətində bahalaşma müşahidə edilirdi. Bununla bağlı efirə verilən süjetlərdə ət kəsimi məntəqələrinin satıcıları və alıcıları da əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat bahalaşma olduğunu bildirir, səbəb kimi isə diri heyvan qıtlığının olması göstərilirdi. Dana ətinin qiyməti 15 manatdan 16 manata yüksəlib, quzu ətinin qiyməti isə 20-24 manat arası təklif olunur. Bölgələrdə də ətin qiymətində artım olduğu deyilir. Belə vəziyyətdə idxalın azalması ətin qiymətinin yenə də yüksəlməsinə səbəb ola bilərmi? 


İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ət və ət məhsullarının qiymətində dəyişiklik ümumi qiymət dəyişikliyi fonunda baş verir: 

- 2024-cü ilin sonlarında verilən iqtisadi proqnozlarda qeyd edilirdi ki, ərzaq məhsullarının qiymətində bahalaşma labüddür. Çünki ümumiyyətlə, dünya bazarında qiymətlər sürətlə dəyişir. Dünyada ərzaq qıtlığı və ərzaq təhlükəsizliyi qlobal problem olduğundan dövlətlər böhrandan çıxmaq yolları axtarır. İstər ət və ət məhsulları, istərsə süd və süd məhsulları olsun, yaxud hər hansı digər ərzaq malları, qiymət artımının qarşısını almağın ən əsas yolu daxili istehsalı artırmaqdır. Bizdə kənd təsərrüfatı, heyvandarlıq inkişaf etdirilməlidir. Yerli istehsal artırılmalıdır. Çıxış yolu budur. Bu gün bir ölkədən ət idxal ediləcək, sabah bir başqasından. Onlar qiyməti qaldıracaqsa, təbii ki, burada da qiymət qalxacaq. Biz niyə özümüzü ətlə təmin edə bilməyək? Bunun səbəbi kənd təsərrüfatı sahəsində, o cümlədən heyvandarlıqda düzgün planlama aparılmaması, fermerlərə dəstək verilməməsidir. 
F.İbrahimov qeyd etdi ki, mal-qara sahibləri, heyvandarlar yemin bahalığından daim şikayət edir: 
- Təsərrüfatlara heyvan yemi, vaksinlərin əldə edilməsində kömək göstərilməli, güzəştlər tətbiq edilməlidir. Bir neçə il əvvələ kimi Gürcüstandan bura xeyli mal-qara sürüsü gətirilirdi. Bazarda bolluq olduğundan qiymət də əlçatan olurdu. Quru sərhədlərin bağlanması ilə Gürcüstandan bura diri heyvanların gətirilməsi dayandı. Daxili istehsal az olduğundan idxala üstünlük verilir, bu da qiymətlərə təsir edir. 

Seçilən
5
17
sherg.az

10Mənbələr