AZ

Yeraltı toyxanalar

2011-ci ildə “Bakı metrosunun inkişaf sxemi” adlı rəsmi sənəd açıqlanmışdı. O sənədə görə, 2030-cu iləcən metro stansiyalarının sayı 77-yə çatmalı idi. Bəs həmin 2011-ci ildə Bakı metrosunda neçə stansiya vardı, hazırda neçədir? Sirr deyil, yazıram: 26 stansiya idi, indi 27 dənədir. Bir-iki dənə də depo-mepo, gündə 10 nəfər girib-çıxan qeyri-funksional stansiya var, vəssalam.

Özüm qəsdən son cümlədə tirelərin sayını gen-bol elədim. Çünki bizim rəsmi orqanlar üçün yeni metro stansiyası vədi vermək sözlər arasında tire qoymaq qədər yüngül, asan, boş bir hərəkətdir. Söz verirlər, tikmirlər.

Doğrudur, hələ 2030-cu ilə qalır, rəsmi orqanlar deyər ki, tələsməyin, vədimiz yerinə yetəcəkdir. Ancaq 13 ilə 2 stansiya tikən hökumətin qalan 5 ilə 50 stansiya tikəcəyinə (77-27=50) inanırsınızsa, təbrik edirəm, xoşbəxt adamsınız, əsl layiqli vətəndaşsınız. Növbəti dəfə namizədliyinizi verin, bəlkə deputat qoydular.

Bəs bu metro tikintisi niyə belə çətin işə dönüb? Səbəb ilk növbədə korrupsiyadır. Metronun indiyə qədərki bütün müdirlərinin adları müxtəlif yeyinti işlərində hallanıb. Lakin cəza alan olmayıb. Hətta biri vardı, ölüb deyə adını çəkmirəm, MTN generalları 3 milyon dollarını reketlik üsuluyla qapazlayanda demişdi ki, bunu 44 illik maaşını toplayaraq əmələ gətirib. Keçən il qovulan müdiri Hesablama Palatası damğalayıb, deyir gediş qiymətləri şişirdilib, yeyinti var və sairə.

Ancaq yeyinti metro stansiyalarının özülü qoyulandan başlayır axı. Bunu görmək üçün böyük durbinə ehtiyac yoxdur. Metronun əsas funksiyası nəqliyyat olmağıdır, bizim metro isə elə tikilir, sanarsan Versal sarayı, ya da Luvr muzeyidir. Bəd ayaqda şadlıq sarayı. Hər stansiyanın çıxışında mənasız, yersiz nəhəng binalar, piramidalar ucaldılır, nəticədə o biri stansiyanı tikməyə pul çatmır. Misal üçün, “İçərişəhər”, “Avtovağzal” və “Koroğlu” stansiyaları üzərindəki piramidalar nəyi ifadə edir, bilən varmı? Biz Misirdə yaşayırıq, yoxsa metroda mason lojaları açılıb?

O cümlədən stansiyaların çıxışları zövqsüz, “palatka” estetikasında düzəldilir. Örnək üçün, “8 noyabr” stansiyasının çıxışlarındakı əyri, soxulcana bənzər, plastik örtüklü konstruksiya olduqca çirkindir. Sanki çıxışın başına selofan kulok keçiriblər, külək üfürüb şişirdib (belə örtüklərdən Bakıda çoxdur, biri də Ukrayna dairəsində yerüstü keçidin üzərindədir, oranı bərbad göstərir). Guya orada camaat metrodan birbaşa küçəyə çıxsa, nə olacaq? Nuh tufanı aparacaq, ya tornadoya qurban gedəcəyik? Misal üçün, “Qarayev”, “Neftçilər”, “Gənclik” və sairə stansiyalarda çıxışlar sadədir, üstündə “palatka” qurulmayıb, kimin üzüyünün qaşı düşüb? Sivil dünyada çox şəhərlərdə metro çıxışı küçənin ümumi mənzərəsindən heç fərqlənmir. (Paris, Hamburq, Kiyev və sairəni misal göstərə bilərəm).

Harasa asfalt yol çəkmək lazımdırsa, bizdə onu da fısqırıq, qalaktikalararası projeyə çevirmək xisləti var. Füzulidə “Zəfər yolu”nun ilk 48 kilometrlik hissəsi neçə zolaqlıdır, xəbəriniz varmı? 6 zolaqdır! 30 metr. Təsəvvür elə. Sanki təyyarə uçuş zolağı tikiblər. Oradakı hazırkı avtomobil-sərnişin axınlarına (o cümlədən yaxın yüz il ərzində) maksimum 4 zolaq bəs edirdi. Müqayisə üçün: Bakıda Zığ-Hava limanı yolu da 6 zolaqlıdır və çox zaman boş olur. Füzulidə elə gərgin trafik gözləyirsiniz?

6 zolaq yol tikilir, gedən-gələni olmur… Üstəlik, sivil dünyada istənilən nəqliyyat projesinin ətraf mühitə, təbiətə təsirləri nəzərə alınır. Yolun mənasız yerə enli götürülməsi təbiətin qoynuna asfalt damğa basmaqdır. Nə qədər faydalı torpağı qazmaq, qaşımaq, erroziyaya uğratmaq deməkdir. Hələ çay axmayan yerdə tikilən körpüləri, qırılan meşələri, sökülən yamacların gələcəkdə sürüşmə yaradacağını demirəm.

Asfaltlamaq üçün azad eləmişiksə, sözüm yoxdur.

Seçilən
0
4
medianews.az

6Mənbələr