AZ

Rayonlarda yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsləri güclənir...

Image

Tural İrfan: “Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram”

Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi, israfçılığa yol verilməsi ənənəsinin formalaşdığı məlumdur. Amma uzun müddətdir ki, həm ziyalılar, həm din xadimləri, həm də ictimaiyyət bu israfçılığın qarşısının alınması istiqamətində təbliğat aparır. 

Təbii ki, yas mərasimlərinin az qala toy səviyyəsində keçirilməsi mənfi  tendensiya kimi qəbul edilir, əksəriyyət bunun lazımsız olduğunu, ölü yiyəsi üçün ağır bir yükə, borc-xərcə çevrildiyini deyir. 

Əvvəlki dönəmlərdə Naxçıvanda və bəzi bölgələrimizdə yas mərasimlərində ehsan süfrələrinin yığışdırıldığı, baş sağlığına gələnlərin çayla yola salındığı bilinir. Son günlər isə bəzi rayonlarımızda da yas məclislərinin sadələşdirildiyi barədə xəbərlər gəlir. Məsələn, İsmayıllı, İmişli rayonlarında cümə axşamlarının ləğv edildiyi, Füzuli rayonunda isə bu tendensiyanın tamamilə yığışdırıldığı deyilir.   

Məsələn, Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur. 

Digər bir məlumata görə isə, Biləsuvar rayonunun Nəsimikənd kəndində ehsan süfrələri tamamilə ləğv edilib. Buna kənd camaatı və din xadimləri, ağsaqqallar qərar verib.

Göründüyü kimi, Azərbaycanın bəzi rayonlarında yas mərasimlərinin sadələşdirilməsi tendensiyası başlayıb, bəzi yerlərdə ehsanı tamamilə yığışdırıblar, bəzi yerlərdə cümə axşamları ləğv olunub.

“Bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş versin”

İlahiyyatçı Tural İrfan bu barədə  “Bakı-Xəbər”ə şərhində “Yas məclislərindəki israfçılıq və bəzi yanlışlıqlara qarşı mütəmadi olaraq təbliğat aparmışıq. Şübhəsiz, bu israfçılıq yanlış bir ənənədir və dinimizə də uyğun deyil. Sanki bəzi yerlərdə toyla yası qarışdırmışdılar. Süfrədə bircə içki əskik olurdu. Axı yas məclisi ziyafət deyil, qarın doyurmaq üçün deyil... Adi bir xəstə adamın yanında iştahla yemək yeməyə adam utanır. O ki, qala əzizini itirmiş gözü yaşlı yas sahibinin evində gedib gətir-götür edəsən”-deyə bildirdi. 

T.İrfanın sözlərinə görə, islam dininə görə, yas evində əsla yemək bişməməlidir. O qeyd etdi ki, qohumlar, simsarlar, gələnlər yas sahibinə həm maddi, həm də mənəvi dəstək verməlidirlər. “Onlar yemək bişirib gətirməli, yaxud lazımi ərzaqlarla təmin etməlidirlər, əgər ehtiyac varsa. Bu da təmtəraqlı məclis təşkil etmək üçün deyil, uzaqdan gələn, yaşlı, xəstə, dərman içən insanlar üçündür. Xurma, limonlu çay kimi yüngül süfrə açmaq olar. Lakin ət yeməkləri, halva, aş kimi ağır yeməklər, artıq xərc olmaz. Bəzən dağlıq və ya ucqar kəndlərdə qışda vəfat edən adam üçün yas sahibi camaatın dilinə-dişinə düşməmək üçün gedib borc axtarır, dana - inək alır, ya da nisyə ərzaq götürür çovğunda çadır qurub qazan asırlar. Adamlar da gəlib çadırın altında buğlana - buğlana yeyib üstündən də bir siqaret yandırıb başlayırlar yasa və ölüyə aidiyyəti olmayan söhbətlər etməyə. Bu həm dinimizə, həm də milli adətlərimizə uyğun deyil. Təmtəraqlı yas məclisləri əsasən kasıb təbəqə üçün ağır yükdür. Hələ bundan sonra bahalı qəbir daşlarını da ləğv etmək lazımdır. Bahalı, təmtəraqlı yas məclisləri qurmaq heç cür əndazəyə sığmır.

Xarici ölkələrdə, heç bir müsəlman ölkəsində bizdəki kimi israfçı yas məclisi yoxdur. Quranda bir neçə yerdə israf etmək, insanın özünü bacarmadığı ağır yükün altına salması qadağan edilir. Bu da israfdır. Günahdır. Nə yas sahibinin, nə də gələnlərin ölünün xatirəsini anmağa, yad etməyə, dua oxumağa zamanı, fürsəti qalır. Yas sahibi bir də gözünü açır ki, cənazəni qaldırıb aparırlar. Çünki başı ölüsünə yox, qarnını bərkitməyə gələn camaata qarışır. Halbuki, camaat yeməyə deyil, ölü sahibinə dəstək verməyə gəlməlidir. Sanki kafedə yemək yeyirmiş kimi gəlib yeyib sonra da hesabı verib gedirlər. Bunun harası ehsan oldu? Ehsan təmənnasız olur. Ondansa nə yemək ver, nə də pul yığ. Kimin nəyə gücü çatırsa təmənnasız, dəftərsiz-kitabsız dəstək verməlidir. Mən bu cür xurafatçı, israfçı təmtəraqlı yas məclislərinin yüngülləşdirilməsini alqışlayıram. Arzu edirəm ki, bir çox yerlərdə başladılmış bu ənənə bütün ölkə üzrə baş versin”-deyə T.İrfan bildirdi.

İradə SARIYEVA





Seçilən
3
baki-xeber.com

1Mənbələr