AZ

Azadlıq mübarizəsinin yeni rəmzi

Beynəlxalq Dekolonizasiya Cəbhəsi “Dəmir Yumruğ”u  rəsmi simvol seçib

Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) keçirilmiş konqresində qəbul edilən qərarlardan biri Cəbhənin rəsmi simvolunun müəyyənləşdirilməsi olub. Azərbaycan torpaqlarının işğalına son qoyulmasında simvola çevrilən “Dəmir Yumruq” bundan sonra həm də kolonializmə qarşı mübarizənin rəmzi olacaq. Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin “Dəmir Yumruq”unu özünə rəmz kimi seçib. Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə paytaxtımızda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb. “Dəmir Yumruq”un müstəmləkə ərazilərində genişlənən azadlıq mübarizəsinin rəmzi kimi qəbul edilməsi təsadüfi deyil. Qalib Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələrinə uyğun yaratdığı reallıqlar bütün dünyada nümunə kimi qəbul olunur. Silahlı Qüvvələrimiz müharibəni Prezident, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi “Dəmir Yumruq” devizi ilə apardı.  “Dəmir Yumruq” Azərbaycanın milli gücünü simvolizə edirdi və düşmən bu gücün qarşısında tab gətirməyərək sarsıdıcı məğlubiyyətə uğradı. Qürurverici haldır ki, indi “Dəmir Yumruq” Afrikada, dənizaşırı ərazilərdə müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizədə rəmz kimi qəbul olunur. Həmin xalqlar “Dəmir Yumruq”u qalibiyyət simvolu kimi qəbul edirlər.

Fransanın sərhəd tanımayan müstəmləkəçilik siyasəti

Verilən məlumatlara görə bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanına çevrilib. Ümumiyyətlə, Fransanın ağır şərtlər altında müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Yalnız bir neçə ölkənin üzləşdiyi aqibət barədə söhbət açmaq kifayətdir ki, Yelisey Sarayının xüsusilə də Makronun iki prezidentliyi dönəmində apardığı siyasətin nə qədər mürtəce xarakter daşıdığı barədə konkret təsəvvür yaransın.

İmperialist güc mərkəzləri zəngin yeraltı sərvətlərə bu və ya digər formada nəzarət etmək üçün zaman-zaman Əlcəzairə qarşı savaş açıblar.  Əlcəzairə diş qıcayan imperialist dövlətlər sırasında Fransa həmişə xüsusi fəallığı ilə seçilib. Fransa Əlcəzairi 1830-cu ildə işğal edib və qanlı izləri indi də qalan bu işğal 1962-ci ilədək sürüb.Yelisey Sarayının uzun zaman kəsiyini əhatə edən işğalçılıq siyasəti müqayisəyəgəlməz dərəcədə mürtəce səciyyə daşıması ilə fərqlənib. 2017-ci ildə Əlcəzairin insan hüquqlarının qorunması assosiasiyasının yaydığı hesabatda bildirlir ki, ümumilikdə bu ölkənin 10 milyon vətəndaşı Fransa müstəmləkəçiliyinin qurbanı olub.

Polineziya (Fransa Polineziyası) Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarətdir.  Verilən məlumatlara görə, Fransa burada milli diskriminasiya ilə yanaşı, 30 il ərzində-1966-1996-cı illərdə 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

Fransa hakimiyyət orqanları Yeni Kaledoniyada 1976-1984-cü illərdə və 2024-cü ildə dinc etirazlar zamanı onlarla yerli sakini qətlə yetirib. 1967-ci ildə Qvadelupada Fransa müstəmləkə orqanlarının irqi ayrı-seçkiliyinə qarşı yerli əhalinin dinc etirazlarının yatırılması zamanı bəzi məlumatlara görə, 200-ə yaxın yerli sakin öldürülüb. Fransa hakimiyyət orqanları dənizaşırı ərazilərdə sərbəst toplaşma azadlığını və ifadə azadlığını davamlı olaraq məhdudlaşdırır.

Azadlıq mübarizəsinin yeni dalğası

Son illərdə Afrikada, dənizaşırı ərazilərdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin geridönməz mərhələsi başlayıb. Ötən il Fransa uzun müddət öz təsir dairəsində saxladığı müstəmləkə ölkələrində törətdiyi saysız-hesabsız cinayətlərə görə daha bir ittihamla üzləşib. Söhbət bu ölkənin keçmiş müstəmləkələrindən olan Əlcəzairin Fransanın oğurladığı mədəni sərvətlərini geri qaytarmaq tələbindən gedir. Əlcəzair müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını artıq Fransaya təhvil verib. Əlcəzair tərəfindən Parisə təqdim olunan siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Bunlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonunadək olan dövrə aiddir.

Fransız missionerlərinin Yeni Kaledoniyanın yerləşdiyi adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib.

Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır. Ötən il yeni “konstitusiya islahatları”na qarşı başlayan hərəkat azadlıq mübarizəsində yeni mərhələdir. Bu son mübarizədə yerli əhalidən qətiyyət və həmrəylik tələb olunur. Geri çəkilmək bütöv bir xalqın sonunu gətirə bilər.

Ötən ildən etibarən həmçinin Martinikada Yelisey Sarayına qarşı etirazlar artıb. Artıq Fransa silahlı qüvvələri Nigeri tərk edib. Kot d’İvuar da Fransa qoşunlarının ölkədən çıxarılması tələbini irəli sürüb...

Fransa dekolonizasiya ilə bağlı öhdəliklərinə əməl etməlidir

Dekolonizasiya mövzusu uzun müddətdir ki, beynəlxalq gündəlikdədir. Fransanın etirazlarına baxmayaraq, BMT Baş Assambleyası Yeni Kaledoniyanı 1986-cı ildə, Polineziyanı isə 2013-cü ildə BMT Nizamnaməsinin XI fəsli altında dekolonizasiya edilməli ərazilər kateqoriyasına daxil edib və Fransanın üzərinə həmin ərazilərdə yerli əhalinin özünüidarəetmə sistemini təşkil etmək öhdəliyi qoyub. Baş Assambleyanın 2008-ci ildən başlayaraq illik əsasda qəbul etdiyi qətnamələrdə Fransadan həmin ərazilərdə yerli xalqların öz müqəddəratını təyin etməsinə şərait yaratmaq tələb edilir. Eyni zamanda, BMT Baş Assambleyasının digər sənədində kolonializmə görə təzminat məsələsi öz əksini tapıb.

Beynəlxalq hüquqda dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və insanlığa qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. Lakin yeri gəldi-gəlmədi insan haqlarından, demokratiyadan danışan Makron hakimiyyəti hələlik manipulyasiyalara əl atmaqla məsuliyyətdən yan keçməyə nail olur.  Şübhəsiz ki, belə davam edə bilməz. Fransa dekolonizasiya ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. Makron ölkəsinin müstəmləkə cinayətlərinə görə üzr istəməli və Fransanın təzminatlar ödəməsini təmin etməlidir.

Təəssüf doğuran haldır ki, Makron iqtidarı öz öhdəliklərini yerinə yetirmək əvəzinə, müstəmləkə ərazilərində genişlənən azadlıq mübarizəsinə görə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda günahlandırır. Bəli, daim ədalət mövqeyindən çıxış edən Azərbaycan müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə mənəvi-siyasi dəstək verir. Ölkəmizin təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupu bu istiqamətdə məqsədyönlü fəaliyyətlər həyata keçirən beynəlxalq platforma qismində qəbul olunur. Yelisey Sarayının bundan əndişələnməsi Makron iqtidarının aciz, çarəsiz durumda olduğunun göstəricisidir.

Mübariz FEYİZLİ

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr