AZ

Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ BƏLLİ OLDU

Prezident İlham Əliyevin sərəncam ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov ötən ilin dekabr ayının 20-də işdən çıxarılıb. Digər sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib. 

News365.az bildirir ki, həmin vaxt iddialar vardı ki,  işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımi səviyyədə qura bilməməsi vəzifəsini itirməsinə səbəb olub.

Qeyd edək ki, o, bu vəzifəyə 27 fevral 2014-cü ildə təyin olunmuşdu. 

Z. Hüseynov 10 ildən artıq müddətdə Bakı Metropoliteninə rəhbərlik etsə də, paytaxt sakinlərinin rahat və ucuz olduğu üçün ən çox istifadə etdiyi nəqliyyatın işində dönüş yarada bilmədi. Bir neçə yeni stansiyanın açılışını (onların tikintisinə əvvəlki rəhbərliyin vaxtında başlanmışdı) nəzərə almasaq, ötən 10 il ərzində metro təsərrüfatında ciddi yeniliklərin baş verdiyini söyləmək çətindir. Zaur Hüseynovla bağlı tənqidlər son vaxtlar artmışdı.  Hər gün pik saatlarda stansiyalarda yaşanan dəhşətli sıxlıqla bağlı fotolar, videolar sosial şəbəkələrdə və mediada yayılırdı. 

Ən maraqlısı isə bundan sonra baş verdi. 

Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Bu barədə Palatadan xəbər verilir.  Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.  Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib. 

Audit dövründə “Bakı Metropoliteni” 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.  Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb. 

QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub. 

Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib. 

Palata tərəfindən aparılan yoxlama 2024-cü ilin may-iyun aylarında həyata keçirilib və ümumilikdə dövlət büdcəsindən ayrılan 240,1 milyon manat vəsait əhatə edilib. 

Sözügedən illər ərzində “Bakı Metropoliteni” QSC-yə Zaur Hüseynov rəhbərlik edib. Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də aşkarlanan pozuntularla bağlı bir sıra tövsiyələr verilib. Ancaq hələlik hüquq-mühafizə orqanlarına müraciət edilməyib. 

Seçilən
3
9
news365.az

10Mənbələr