AZ

Pensiya alanların DİQQƏTİNƏ: Gələn aydan artımla bağlı...

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

 

Gundem.az “apa.az”a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Bildirilib ki, həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Bildirilib ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

“Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”, – məlumatda vurğulanıb.

Seçilən
2
11
gundem.az

10Mənbələr