“The Coca-Cola Company”nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Almaniya, Böyük Britaniya, Hollandiya, Lüksemburq və Fransa bazarlarından öz məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Geri çağırılmaya səbəb isə məhsulların tərkibində xloratların miqdarının artıq olmasıdır. Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” brendlərinə şamil edilir.
Bu cür içkilər Azərbaycanda da satışdan qaldırıla bilərmi?
Globalinfo.az-a danışan sosioloq Elçin Bayramov deyib ki, “Coca-Cola” içkilərinin sağlamlığa zərərli olduğu hər kəsə məlumdur.
Onun sözlərinə görə, bu içkilərin tərkibi şübhəlidir:
“Nəzərə alaq ki, belə hallar dünyanın inkişaf etmiş və ciddi nəzarət olan ölkələrində aşkarlanıb. Hansı ki, qida məhsullarının istehsalını, tərkibini istənilən vaxt ekspertlər, adi vətəndaşlar müstəqil laboratoriyada yoxlada bilir. Orada insanlar qidalarda olan hər hansı problemi ortaya çıxarırlar və şirkətləri cərimələrə, ağır təzminatlara məruz qoyurlar. Azərbaycanda isə bundan söhbət gedə bilməz. Əgər o ölkələrdə vəziyyət belədirsə, təhlükə aşkar olunursa, görün, qida sahəsində heç bir nəzarətin olmadığı ölkəmizdə vəziyyət necədir. Həmin içkilərin tərkibində çox təhlükəli maddələr də ola bilər, səhvən və ya qəsdlə nəsə əlavə edərlər və s. Heç kimin də bundan xəbəri olmaz. Yəni milyonlarla insanımız ağır zərər görə bilər”.
Elçin Bayramov deyib ki, Azərbaycanda da məsələ ciddi nəzarətdə saxlanılmalı və yoxlanışlar aparılmalıdır:
“Bizdə adı olub, özü olmayan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) var. Bu qurumun istehlak mallarının kütləvi şəkildə əsaslı yoxlamasını təşkil etdiyini görmürük. Məsələn, onların məhsulu birbaşa istehsaldan, satışdan götürərək ekspertlərin iştirakı ilə real şəkildə laboratoriyada yoxlayıb, faktları üzə çıxardığını da görə bilmirik. Nadir hallarda kiçik obyektlərdə yoxlama aparırlar, amma bu, ölkənin ərzaq bazarındakı vəziyyətin heç mində birini əhatə etmir. Ona görə belə halların ölkəmizdə olması ehtimalı həddən artıq yüksəkdir”.
Sosioloqun fikrincə, ölkədə xüsusən də xarici mənşəli “Coca-Cola” kimi şirkətlərin istehsalına yerli nəzarət yox səviyyəsindədir:
“Elə yerli istehsalçılar da geri qalmır. Kim nə istəyir, onu da istehsal edir və buna görə məsuliyyət daşımır. Hətta hər hansı bir yoxlamalar da aparılmır. Belə hallar xaricdə aşkar edilirsə, bizdə vəziyyət daha acınacaqlı ola bilər. Bu baxımdan yaxşı olar ki, adıçəkilən məhsullar həm dövlət orqanlarının, həm də ictimai təşkilatların, jurnalistlərin iştirakı ilə birbaşa yoxlanılsın. Qida təhlükəsizliyi həddindən artıq vacib, bir nömrəli milli, strateji təhlükəsizlik məsələsidir, əhalinin birbaşa sağlamlığı ilə bağlıdır. Ona görə də belə məsələlərə ciddi nəzarət, yoxlamalar keçirilməli və bu sahədə sağlamlaşdırılma aparılmalıdır. Burada isə əsas iş müvafiq dövlət orqanlarının üzərinə düşür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta