Bir neçə gün əvvələ qədər uşaqların oynadığı stadion sökülür. Yararsız hala düşən stadionun əşyaları çıxardılaraq, söküntüsü davam edir. Ətraf ərazidə yaşayan sakinlər bu söküntünü müsbət qarşılayırlar. Xüsusilə bu stadionda məşq edib futbol oynayan yeniyetmələr yenidən yaşıl meydançaya qayıtmaq üçün səbirsizlənirlər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, yeni stadion qapalı olacaq.
“Bu çox gözəl addımdır. Qapalı stadionda futbol daha maraqlı və əlverişlidir”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, narahatlığa səbəb yoxdur.
“Aparılan söküntü əsaslı təmirlə bağlıdır. Görülən işlər çərçivəsində mövcud ixtisaslaşdırılmış Olimpia Ehtiyatları Uşaq-Gənclər futbol məktəbinin Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarda tikinti işlərinin aparılması planlaşdırılır. Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb. İşlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib”.
Qeyd edək ki, sözügedən stadion 2007-ci ildə tikilib və “Vətən” futbol məktəbinin ixtiyarına verilib. Məktəbin əsasını isə 1967-ci ildə əfsanəvi futbolçu Ələkbər Məmmədov qoyub.