Bakı, TurkicWorld
Qırğızıstanın İqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Özbəkistanın Qırğızıstandakı səfiri Said Niyazhodjaev ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə nazir səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Qırğızıstan ilə Özbəkistan arasında əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
Bakıt Sıdıkov birgə sənaye layihələrinin həyata keçirilməsinin vacibliyini, onların iki ölkənin ticarət həcminin artırılmasında və birgə təşəbbüslərin həyata keçirilməsində çox böyük rol oynaya biləcəyini vurğulayıb.
Səfir öz növbəsində iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib və birgə layihələrin həyata keçirilməsi, ticarət əlaqələrinin inkişafı, texnologiyalar sahəsində təcrübə mübadiləsi və prioritet sektorlara investisiyaların cəlb edilməsi ilə bağlı təkliflər verib.
Görüşün nəticəsi olaraq tərəflər müzakirə olunan təşəbbüslərin həyata keçirilməsi və iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.