1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında "Azerbaijan Airlines" (AZAL) şirkətinin sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.
O, AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı sualı cavablandırıb.
"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş mürəkkəbdir. Biz nəticələri gözləyirik", - deyə Koygeldiyev qeyd edib.
Bundan əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirmişdi ki, təyyarə ilə bağlı fövqəladə hadisənin araşdırılmasını respublikanın Nəqliyyat Nazirliyi (aviasiya hadisəsinin səbəblərini araşdırır) və güc qurumları, o cümlədən Baş Prokurorluq (onlar ballistik və partlayış-texniki ekspertiza aparırlar) aparır. Araşdırmada, həmçinin Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) olan beynəlxalq ekspertlər də iştirak edirlər.
Bozumbayevin sözlərinə görə, bu həftə Qazaxıstan Nəqliyyat Nazirliyi aviasiya hadisəsinin araşdırılmasının ilkin nəticələrini dərc edə bilər.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.