Böyük Britaniyada arxeoloqlar İngiltərənin son Anqlo-Sakson kralı Harold II-nin uzun müddətdir itkin sayılan sarayının yerini müəyyən ediblər.
AzPost -un məlumatına görə, AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, İngiltərənin iki universitetinin tədqiqatçıları yeraltı radar skanları, əvvəlki arxeoloji qazıntılardan əldə edilən məlumatlar (o cümlədən orta əsrlərə aid tualet) və XI əsrə aid sənət əsərlərindən istifadə edərək Harold II-nin siyasi qərargahının yerini tapmağa nail olublar.
Araşdırmalar Cənubi İngiltərədə, Çiçester yaxınlığında yerləşən Boşam kəndi ətrafında aparılıb. Məlum olub ki, Haroldun kral sarayı kompleksi təxminən bir akr (təxminən 4 min kvadratmetr) ərazini əhatə edib. Bu kompleks böyük taxta salon da daxil olmaqla bir neçə binadan ibarət imiş.
Tədqiqatçılar bildirirlər ki, bu yeni kəşf həm də Kral Harold II-nin dəfn olunduğu yerə dair vacib ipucları verə bilər. O, İngiltərə tarixində məzarının yeri bilinməyən yeganə monarxdır.
Harold II 1066-cı ildə Hastinqs döyüşündə məğlub olub və qəddarlıqla öldürülüb.