Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan Xarici İşlər, Ticarət/İqtisadiyyat və Nəqliyyat Nazirlərinin 2-ci Üçtərəfli Görüşündə çıxış edib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
C.Bayramov Azərbaycan, Türkiyə, Özəbkistan arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya da daxil olmaqla tərəfdaşlığın əsas sahələrini qeyd edib.
Nazir üç ölkə arasında əməkdaşlığın, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən əsas ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizinin inkişafı sayəsində daha da inkişaf etdirilməsi üçün əlavə imkanların olduğunu qeyd edib.
"Mövcud regional potensialdan istifadə edərək, Yaxın Şərq, Əfqanıstan da daxil olmaqla, daha geniş regionun sülhünə, təhlükəsizliyinə və inkişafına töhfə verilir", - o bildirib.