AZ

Ankarada II üçtərəfli görüş keçirilir - Fotolar - Yenilənib

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda üç ölkənin xarici işlər nazirləri ilə yanaşı, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.

İclasın gündəliyinə xarici siyasət məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahələrində əlaqələrin artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov II üçtərəfli görüşdə çıxış edib. O, üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, tərəfdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya sahələrini qeyd edib. Bayramov həmçinin əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkanları, xüsusilə də Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı ilə bağlı əlavə imkanları da bildirib.

Görüşdə, həmçinin Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu çıxış edib və Türk Dövlətləri Təşkilatının vacib beynəlxalq təşkilat olduğunu diqqətə çatdırıb.

Daha sonra Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə üç ölkə arasında birgə ticarət sazişləri və əməkdaşlıq məsələləri müzakirə edilib. 

Azərbaycan, Türkiyə və Özbəkistanın tarix boyu əməkdaşlığa və ticarətə hər zaman önəm verən ölkələr olduğunu vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, biz bütün türk cümhuriyyətləri ilə qardaşlıq və əməkdaşlıq şəraitində əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək istəyirik: “Hazırda siyasi əlaqələrimiz çox qardaşcasına davam edir və həyata keçirilir. Bu, təbii ki, siyasi iradənin mövcudluğunun və siyasi iradənin iqtisadiyyata da sirayət etməsinin göstəricisidir. Bölgəmizdə çox ciddi dəyişikliklər baş verib. Suriyadakı vəziyyəti, Qarabağın Azərbaycana qaytarılmasını və Qarabağın çox qısa zamanda sürətlə inkişaf etməsini və hazırda onun Azərbaycan iqtisadiyyatında çox mühüm yer tutmasını nəzərə alsaq, bizim fərqli aspektdə əməkdaşlığa ehtiyacımız var”.

***

Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya dəstəklə bağlı çağırış edib. 

O, Suriyadakı “məmnunedici və ümidverici” inkişafın bölgə üçün yeni bir fürsət pəncərəsi açdığını ifadə edib: “Suriyanın yenidən qurulması və inkişafı üçün əl-ələ verməliyik. Çünki Suriyanın sabitliyi və inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin ediləcək, logistika nəqliyyat, ticarət və enerji sahələrində də yeni imkanlar yaradacaq”.

Fidan görüşdə Türkiyə, Azərbaycan və Özbəkistan arasında layihələr, siyasi və iqtisadi tərəfdaşlıqlarla bağlı əməkdaşlıq imkanlarını müzakirə edəcəklərini bildirib və razılaşdırılmış məsələləri imzalanacaq birgə bəyannamədə qeyd edəcəklərini açıqlayıb.

 




Seçilən
3
1
qafqazinfo.az

1Mənbələr