AZ

Azərbaycan və Özbəkistan XİN-ləri arasında Kompleks Tədbirlər Proqramı imzalanıb - Yenilənib

29 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb...

Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına dair ümidvarlıq ifadə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s., habelə digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxsıtan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişinin regional enerji, nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə bərpa, yenidənqurma, minatəmizləmə, o cümlədən sülh səyləri barədə ətraflı məlumatlandırıb. Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsinin qarşısında duran maneələrin, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizə qarşı davam etdirilən ərazi iddiaları, bu ölkənin sürətli silahlandırılmasının normallaşma gündəliyinə hədə törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı” imzalanaraq təsdiq edilib.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Görüş Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində baş tutub.

Qeyd edilib ki, Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Ceyhun Bayramov özbəkistanlı həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.

Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı imzalayıb və təsdiq ediblər.

Poliqon.info

Seçilən
2
37
poliqon.info

10Mənbələr