Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bildirib ki, dünyanın qütbləşməsi türk dövlətlərinin bir ittifaq halına gəlməsini zəruri edir:
"Dünyada gedən geosiyasi proseslərin mürəkkəbliyi onu göstərir ki, dünya yenidən qütbləşəcək, çoxqütblü sistemə keçəcək. Əgər Ukrayna münaqişəsindən sonra dünya yenidən qütbləşəcəksə, çoxqütblü sistemə keçiləcəksə, onda Türk Dövlətləri Təşkilatı hansı qütbdə yer alacaqdır? Dünyada yeni geosiyasi vəziyyətin yaranması onu göstərir ki, Türkiyə, Azərbaycan, ümumilikdə Türk Dövlətləri Təşkilatı bir millət, bir ittifaq halına gəlməlidir, yəni yeni güc mərkəzinə çevrilməlidir. Bu ittifaqın yaranması ilə türk dövlətləri həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan dünyada gedən proseslərə təsir etmək gücünə malikdir. Bu baxımdan Azərbaycan, Türkiyə və Özbəkistanın əməkdaşlığı və Xarici İşlər Nazirlərinin görüşüb fikir mübadiləsi aparması bir daha onu göstərir ki, türk dövlətləri getdikcə bir ittifaq halına gəlməlidir".
Siyasi şərhçi qeyd edib ki, Türkiyə-Özbəkistan- Azərbaycan əməkdaşlığı türk dövlətlərimin inteqrasiyasıdır:
"Azərbaycanın həm də Özbəkistan və Türkiyə ilə ikitərəfli əməkdaşlığı vardır və bu əməkdaşlığı genişləndirərək çoxtərəfli, yəni ikitərəfli əməkdaşlıqdan da yuxarı olaraq çoxtərəfli əməkdaşlığa keçməkdədir və bu onu göstərir ki, türk dövlətlərinin inteqrasiyası prosesi getməkdədir. Yəni Türkiyə, Özbəkistan, Azərbaycan əməkdaşlığı Türk dövlətlərinin inteqrasiyasıdır. Bu həm iqtisadi, həm mənəvi cəhətdən türk dövlətləri arasında münasibətlərin yaxşılaşmasına gətirir. Bu bəyannamə bir daha göstərir ki, bu əməkdaşlıq bir çox sahələri həm iqtisadi, həm siyasi prosesləri özündə əks etdirir".
Azad Məsiyev üçtərəfli əməkdaşlığın gələcəkdə Turan İttifaqının qurulmasına zəmin yarada biləcəyini vurğulayıb:
"Azərbaycan, Türkiyə və Özbəkistanın əməkdaşlığı, türk dövlətlərinin birliyinə aparan strateji bir prosesdir. Bu əməkdaşlıq, siyasi, iqtisadi və mədəni inteqrasiyanı gücləndirərək gələcəkdə Turan İttifaqının qurulmasına zəmin yarada bilər. Əgər bu birlik formalaşarsa, 200 milyonluq əhali, 5 milyon kvadrat kilometr ərazi və zəngin yeraltı, yerüstü sərvətləri olan güclü bir qlobal mərkəz yaranacaq. Bu ittifaq, dünya siyasətində təsir gücünü artıraraq sülh və sabitliyə də töhfə verə bilər".
Müsahibimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, türk dövlətləri arasında ticarət və nəqliyyat əlaqələrini gücləndirəcək:
"İqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu bu prosesin əsas sütunlarından biridir. Çünki iqtisadi inteqrasiya olmadan siyasi birliyin qurulması çətindir. Orta Dəhlizin inkişafı, xüsusilə Zəngəzur dəhlizinin açılması, türk dövlətləri arasında ticarət və nəqliyyat əlaqələrini gücləndirəcək, regionun strateji əhəmiyyətini artıracaq. Bununla yanaşı, təkcə iki və ya üç dövlət arasında deyil, bütün türk dövlətləri arasında çoxtərəfli əməkdaşlıq genişlənməlidir ki, bu da nəticədə bir ittifaqın qurulmasını sürətləndirəcək".
Sonda isə politoloq bildirib ki, bu əməkdaşlıq birliyə aparan yolda mühüm bir mərhələdir və digər türk dövlətləri üçün nümunə ola bilər:
"Gələcəkdə ortaq parlamentin yaradılması, vahid pul vahidi və ödəniş sisteminin formalaşdırılması Turan İttifaqının qurulmasına töhfə verəcək əsas addımlardandır. Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər bu birliyə aparan yolda mühüm bir mərhələdir və digər türk dövlətləri üçün nümunə rolunu oynaya bilər. Bu cür əməkdaşlıq, türk dünyasının vahid güc mərkəzinə çevrilməsi yolunda atılan fundamental addımlardır".
Səidə Ramazanova