Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb.
Hafta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbirdə deyib.
O bildirib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan artıq marixuana, 106 qramdan artıq tiryək narkotik vasitələr, 1 057 qramdan artıq metamfetamin, 298 ədəd klobazam psixotrop, 28 617 ədəd tramadol (6438,825 qram) - güclü təsir edən maddələr aşkarlanıb.
“23 ədəd patron və 1 ədəd sandıqça, 13 665 qutu müxtəlif markalı aksizsiz siqaretlər, 39 450 ABŞ dolları və habelə digər predmet və maddələr aşkarlanaraq götürülüb”, - deyə N. Hacıyev qeyd edib.