Astara sakini 101 yaşlı Məryəm Diyarova bələdiyyə seçkilərində səs verərək həm öz vətəndaşlıq borcunu yerinə yetirib, həm də seçkilərdə fəal iştirak nümunəsi göstərib. Onun bu addımı yaşından asılı olmayaraq, insanların demokratik proseslərdə iştirak etməsinin önəmini vurğulayır.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Diyarova Məryəm Dadaş qızı səhhətində yaranan problemlərə görə 79 saylı Astara seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib. Buna görə də seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib. Müraciətə əsasən seçki qutusu Məryəm xanımın evinə gətirilib və o, səsini verib.
“İndiyə kimi bütün seçkilərdə iştirak etmişəm. Allah ömür versə bundan sonra da iştirak edəcəyəm. Bu dəfə səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Xahiş etdim ki, daşınan seçki qutusunu evimə gətirsinlər. Layiqli namizədə səsimi verdim və ümid edirəm ki, bu seçim ölkəmizin gələcəyi üçün müsbət dəyişikliklərə səbəb olacaq. Seçkilərin nəticələrinin hamımız üçün xeyirli olacağına inanıram” , - deyə 101 yaşlı Məryəm Diyarova bildirib.