Suriyanın yeni administrasiyası Dəməşqə səfər edən Rusiya nümayəndə heyəti ilə görüş zamanı iki ölkə arasında əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Publika.az xəbər verir ki, bununla bağlı Suriyanın yeni administrasiyası sosial şəbəkədə paylaşım edib. Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüblər.
Paylaşımda qeyd olunub: “Yaxın Şərq xüsusi nümayəndəsi Mixail Boqdanovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Dəməşqdə Suriyanın yeni administrasiyası ilə görüşüb. Dəməşq bütün maraqlı tərəflərlə əlaqələr qurmaq niyyətindədir. Yeni administrasiyanın lideri Əhməd əl-Şara qeyd edib ki, iki ölkə arasında münasibətlərin yenidən qurulması keçmişin səhvlərini düzəltməli və Suriya xalqının iradəsinə hörmət əsasında onun maraqlarına xidmət etməlidir”.