AZ

Sözünə sahib çıxmağı bacaran millət vəkili...

Qüdrət Həsənquliyev - 60
 
Güclü xarakterli, sarsılmaz iradəli, məsuliyyətli, zabitəli, özgüvəni yüksək adamdır. Bu xüsusiyyətləri onun xarici görünüşündə də öz əksini tapıb. Digər insanlarla bir az məsafəli davransa da, əslində içi sevgi ilə doludur. Liderlik qabiliyyəti var, məqsədi hər zaman qalib gəlməkdir. Özünə xas sistem yaradıb. Tətbiq etdiyi qaydalardan xaricə çıxmır...
 
1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurub. Əsgəri xidmətdən sonra bir müddət Culfada sovxozda işləyib. Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi vəzifələrində çalışıb. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində işləyib. Siyasi partiyalardan birinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır...
 
Dürüst, humanist, vicdanlı və mərddir. Cəsarətlidir- sözünə sahib çıxmağı bacarır. Yüksək mədəniyyətə malik, əxlaqlı insandır. Kifayət qədər təmkinlidir. Uzaqgörəndir və analitik təfəkkürə sahibdir...
 
Milli maraqları daim hər şeydən üstün tutan, dövlətçiliyin hər şeyin fövqündə olduğunu öz fəaliyyəti ilə təsdiq edən siyasətçilərdəndir. Milli Məclisdə maraqlı, orijinal çıxışları ilə seçilən millət vəkillərindən biri də odur. Zarafat deyil, böyük bir məktəb keçib- Milli Azadlıq Hərəkatının od-alovunda bişib. Siyasi səriştəsi, dünyagörüşü ilə yanaşı, həm də şəxsi keyfiyyətləri ilə də dünənin, bu günün və eləcə də sabahın siyasət adamları üçün nümunə ola biləcək bir ictimai-siyasi xadimdir...
 
Bəzən millətin vəkili olmaq mərtəbəsinə qalxmaq üçün, deputat olmağa və üçrəngli döş nişanını yaxada gəzdirməyə ehtiyac qalmır. Necə ki, bir çoxları haqq etmədikləri mandatı və döş nişanlarını gəzdirirlər, amma o, hətta deputat olmasa belə təkcə seçicilərinin deyil, bütövlükdə millətin vəkili adını daşımağa layiq insanlardandır. Onu xalqın rifahı həmişə narahat edir...
 
Deyir ki: “ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanları mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Bəziləri deyir ki, hökuməti əvəllər tənqid edənlər indi onu tərifləyirlər? Bəli, hökumətin hansısa addımlarını müsbət hesab edəndə tərifləmişəm və hansısa addımlarını mənfi hesab edəndə isə tənqid də etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Unutmaq lazım deyil ki, hamının gözü parlamentdədir, danışanda diqqətli olmaq lazımdır...”.
 
Əlbəttə, onun müxalifət partiyasının lideri kimi hakimiyyətə münasibətdə kəskin mövqedə dayanmaması siyasi dünyagörüşü bəsit olan kəsimlərdə anlaşılmaya bilər. Amma o, ucuz pafosçuluqdan, yersiz müştəbehlikdən uzaq adam olduğu üçün mövcud siyasi reallıqlar çərçivəsində məmləkətə, onun siyasi palitrasına harmoniya gətirmək istəyinə köklənmiş bir siyasi mübarizə yolu seçib. Bu baxımdan, müxalif düşərgədəki yalançı radikallardan fərqli olaraq, o dosta da, rəqibə də, tərəfdaşa da səmimi yanşaması ilə seçilir...
 
Üzərinə düşən məsuliyyətin fərqindədir və nə qədər ağır olsa da məsuliyyətdən qaçmır. Adət ənənələrə olduqca bağlı insandır. Fərqli və ilk olan məsələlərə adətən soyuq yanaşır. Məntiqsiz olan hər şeydə son dərəcə həssasdır. Bu xüsusiyyəti hadisələri və qarşısındakı insanları daha aydın anlamasına imkan verir. Necə deyərlər, zamanı idarə etməyi olduqca yaxşı bacarır. Əzmli olmaq onun üçün olduqca önəmlidir... 
 
Bəli, mən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev haqqında danışıram. Ötən bu illər ərzində o, daim mediaya, jurnalistlərə açıq siyasətçilərdən olub, mediaya və media mənsublarına tolerant münasibət sərgiləyib, heç zaman qələm əhli ilə qarşıdurmaya, məhkəmə çəkişmələrinə getməyib. O, peşəkar siyasətçi kimi fəaliyyətində hər zaman özünəməxsusluğu ilə seçilib, fərqlənib, heç kimi təqlid etməyib. Həmişə öz yolu, öz yanaşması olub. Hər zaman da fəaliyyətində, eləcə də çıxışlarında seçicisinin, bütövlükdə Azərbaycan dövlətinin maraq və mənafelərindən çıxış edib...
 
Yanvarın 29-u 60 yaşı tamam olur. Yubileyi münasibətilə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…
 
Hörmətlə, Elman Eldaroğlu
Seçilən
1
1
moderator.az

5Mənbələr