Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentarilərilə qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Bu tənqid hətta həmin ölkələrin nümayəndələri arasında çaşqınlıq yaradıb.
Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti Baltikyanı ölkələrdən birinin parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Simonyan Rusiyanı Ukrayna Prezidenti Vladimir Zelenskinin edə biləcəyindən daha sərt tənqid edib:
“Simonyan işıqlandırılmayan görüşdə vurğulayıb ki, Rusiyanı məğlub etmək, məhv etmək lazımdır ki, Ermənistanda və Baltikyanı ölkələrdə hər şey yaxşı olsun. O, həmçinin əlavə edib ki, Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər”.
Simonyanın sözləri xarici siyasət dairələrində mübahisəli reaksiyaya səbəb olub:
“Hətta Baltikyanı ölkələrin nümayəndələrində Simonyanın onlardan daha çox antirusiya tərəfdarı çıxması, bütün siyasətini bu prinsiplər üzərində qurması çaşqınlıq yaradıb”.
Qeyd edək ki, məlumatın yayılması Ermənistanın rəsmi dairələrində qorxu yaradıb. Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan isə yayılan xəbəri təkzib edib.