Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində fərdi yaşayış evində yeyib-içən dostlar arasında dava baş verib. Biri digərini söyüş söydüyünə görə bıçaqlayıb. İş məhkəməyə çatanda barışsalar da, biri 4 il həbsdə qalmalı olacaq.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 30 yaşlı Nağı məhəllədən tanıdığı, 10 ildir dostluq etdiyi Əlisakit ilə yeyib-içiblər.
İçki içmək təklifini Əlisakit edib. Nağı pulunun olmadığını deyəndə Əlisakit 10 manatının olduğunu deyib və marketdən bazarlıq edib. İçki məclisi Əlisakitgilin həyətində olub. Dostlar yenə də içki içmək istəyib. Əlisakit nisyə araq almaq üçün marketə gedib. Spirtli içki alıb qayıdanda məhəllədə fit çalıb. Bu, Nağının xoşuna gəlməyib və Əlisakitə hirslənib. Deyib ki, məhəllədə qadın-uşaq var.
Dostlar buna görə mübahisə ediblər. Sonra Əlisakit Nağını söyüb. Nağı evdən götürdüyü bıçaqla Əlisakitə bir neçə bıçaq zərbəsi vurub. Bıçaq zərbələrindən biri Əlisakitin ürəyini zədələyib. Buna görə ona qarşı ağır ittiham irəli sürülüb.
Nağı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılıb.
Məhkəmə araşdırması zamanı tərəflərin barışdığı, bir-birlərindən şikayətçi olmadıqları məlum olub. Nağı deyib ki, dostunu öldürmək fikri olmayıb və bıçaq bilmədən Əlisakitin ürək nahiyəsinə dəyib.
Nağının ilk dəfə məhkumluq həyatı yaşaması, zərərçəkmişlə barışması yüngülləşdirici hal kimi nəzərə alıb. Məhkəmə həmçinin Nağının qəsdən adam öldürməyə cəhdə ittiham edilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Buna görə də onun əməli qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib və ona 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.