Bakı, 29 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi fikirlər, ilk növbədə, Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edir.
Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkədə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi xüsusilə diqqət cəlb edir. Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar tikilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Eyni zamanda, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları, yol qovşaqları istifadəyə verilib, yeni yollar salınıb. Müşavirədə səsləndirilən rəqəmlər görülən işlərə bir daha işıq saldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Dövlətimizin başçısının Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola toxunduğunu da qeyd edən deputat deyib: “Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır".
Tarixi Zəfərimizin qazanılması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanlarının açıldığını diqqətə çatdıran A.Məmmədov vurğulayıb ki, hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. Dövlətimizin başçısı müşavirədə Zəngəzur dəhlizi ilə bağlı ətraflı danışaraq Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmasının vacibliyini bir daha diqqətə çatdırdı.
Deputat bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.
“Zəngəzur dəhlizinin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxtadək Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki dəhlizin açılacağı təqdirdə, ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından birinə çevrilməsinə gətirib çıxarar, idxal-ixrac marşrutlarının şaxələndirməsinə imkan verər. Ermənistan dəhlizlə bağlı ona edilən xəbərdarlıqlardan dərs götürməlidir. Əks təqdirdə, dəhlizin açılmaması səbəbindən ən çox zərər görən elə Ermənistanım özü olacaq”, - deyə Anar Məmmədov söyləyib.