AZ

Partiya sədri: "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər"

"Avropa Şurasının Azərbaycanın mandatını təsdiq etməməsi birbaşa erməni lobbisi, Fransa və onların həmfikirlərinin ölkəmizə təzyiqinin təzahürüdür". 

Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, Avropa Şurası kimi qurumlar belə addımlar atmaqla nəyəsə nail ola bilməyəcəklər:

"Əgər Azərbaycan Avropa Şurasına lazım deyilsə, Avropa Şurası da Azərbaycana lazım deyil. Hər kəs bunu belə qəbul etməlidirlər. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq siyasi təşkilat və birlik olaraq bu kimi adekvat olmayan addımlarla öz ciddiliyini itirib.

Artıq dünyadakı ciddi beynəlxalq qurumlar sırasında AŞPA-nın mövcudluğu sual altındadır. Avropa Şurası birmənalı olaraq Fransanın və erməni lobbisinin sifarişi altında Cənubi Qafqazın super dövləti olan, tarixi zəfər əldə etmiş Azərbaycana qarşı ikili standartlarla yanaşır. 

Onların Fransanın, erməni lobbisinin və müəyyən ermənipərəst dairələrinin sifarişini yerinə yetirməsi göz önündədir". 

Partiya sədri qeyd edib ki, rəsmi Bakı digər siyasi bloklarla və beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirir:

"Ümumiyyətlə, Azərbaycan Avropa Şurası və ya ATƏT-in nə deməsindən asılı olmayaraq, özünün cızdığı yolla inkişafa doğru gedir. 

Görünən odur ki, prezident, parlament və bələdiyyə seçkilərində Azərbaycanın daxili siyasətinə təsir edə bilməyən beynəlxalq qurumlar artıq qəzəblərini açıq şəkildə biruzə verirlər. Lakin Azərbaycan elə bir dövlətdir ki, vətəndaşlarını milli dəyərləri ətrafında birləşdirir. 

Azərbaycanda qonşu dövlətlərdə olduğu kimi qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən Qərbin xüsusi xidmət orqanları mövcud deyil. Yəni başqa dövlətlərdə olduğu kimi Azərbaycanda öz agentura şəbəkəsini qura bilməmək Qərbi narahat edir". 

Ağasif Şakiroğlu vurğulayıb ki, Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanlarının ölkədə siyasi proseslərə kənar təsirlərdən uğurla qoruya bilir:

"Bu isə AŞPA və ATƏT kimi təşkilatları narahat edir. Onlar ölkəmizdəki siyasi-ictimai birliklər, institutlar və gənclər təşkilatlarından dövlətin əleyhinə istifadə edə bilmirlər. Beləliklə, daxili siyasətə müdaxilə imkanlarını itirirlər. 

Məhz bu səbəbdən bəzi beynəlxalq qurumlar bu kimi ikili standartlarla ölkəmizdən qisas almağa çalışırlar. Lakin onların bu addımları fiaskodan başqa bir şey deyil. Əksinə, belə davam etmək Avropa Şurasının beynəlxalq qurum kimi yox olması ilə nəticələnə bilər. Azərbaycan isə öz yolu ilə gedir və doğru addımlar atır".

Seçilən
10
50
cebheinfo.az

10Mənbələr