AZ

Tətil günlərində müəllimlər məktəbə getməlidir?

“Müəllimlərin iş rejimi yalnız dərs saatlarından ibarət deyil. İş vaxtına dərsə hazırlıq, qiymətləndirmə, metodiki işlər və məktəbdaxili iclaslar da daxildir. Şagirdlər tətilə çıxdıqda müəllimlərin məktəbə çağırılması, əsasən, bu işlərin yerinə yetirilməsi ilə bağlıdır”.

Bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov TNS-ə deyib.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə baxdıqda inkişaf etmiş ölkələrdə müəllimlərin iş rejimi daha çevik tənzimlənir: “Finlandiyada müəllimlər tətil günlərində məktəbə yalnız müəyyən təlimlərdə və ya konfranslarda iştirak etmək üçün gedirlər. ABŞ-nin bəzi ştatlarda tətil dövrlərində müəllimlər üçün peşəkar inkişaf təlimləri məcburidir. Lakin bu təlimlər onlayn formada və ya fərqli məkanlarda keçirilir. Türkiyədə müəllimlər tətil günlərində məktəbdə müxtəlif qiymətləndirmə, məktəbdaxili tədbirlərdə iştirak edirlər.

Azərbaycanda isə təhsil işçilərinin tətil dövründə məktəbə çağırılması bir çox halda inzibati tələblərdən irəli gəlir. Bu praktika tədris prosesinin davamlılığını təmin etmək üçün vacib görülür, lakin bəzi hallarda müəllimlər üçün əlavə iş yükü yaradır”.

K. Əsədov bildirib ki, müəllimlərin tədris və təlim proqramlarının təkmilləşdirilməsi prosesində iştirakı təhsilin keyfiyyətinə mühüm töhfə verir: “Tətil günlərində təşkil olunan metodiki iclaslar müəllimlərin peşəkar inkişafına xidmət edir. Bu cür fəaliyyətlər onların yeni tədris metodları ilə tanış olmasını, tədris planlarının daha məqsədyönlü şəkildə hazırlanmasını təmin edir. Eyni zamanda, məktəb rəhbərliyi ilə müəllimlər arasında daha sıx əməkdaşlıq mühiti yaradır.

Amma tətil günlərində müəllimlərin məktəbə getməsi istirahət vaxtlarının azalmasına gətirib çıxarır. Bu hal müəllimlərin bəzilərinin motivasiyasına mənfi təsir edir. Həmçinin, müəllimlərin məktəbdə olduqları vaxtın effektiv şəkildə istifadə edilməməsi halları da müşahidə olunur. Bu da onların vaxtının səmərəsiz keçməsi ilə nəticələnir. Müəllimlərin məktəbdə olduqları dövrdə konkret hədəflərə yönəlik fəaliyyət planlarının olmaması bu problemi daha da dərinləşdirir”.

Ekspert qeyd edib ki, “Təhsil haqqında” qanun müəllimlərin peşəkar inkişafını və onların iş şəraitinin yaxşılaşdırılmasını təmin etməyi qarşıya məqsəd qoyur: “Praktikada təhsil işçilərinin tətil dövründəki iş rejiminin tənzimlənməsi bəzən qanunvericiliyə tam uyğun gəlmir.

Bu baxımdan, müəllimlərin məktəbdə olduqları dövrün daha məqsədli şəkildə planlaşdırılması vacibdir. Məsələn, təlimlərin keyfiyyətinin artırılması, fərdi inkişaf proqramlarının tətbiqi və metodiki fəaliyyətlərin daha interaktiv formada təşkili müəllimlərin həm motivasiyasını, həm də iş effektivliyini artırar. Ümumilikdə, tətil günlərində müəllimlərin məktəbə getməsi məsələsinə balanslı yanaşma tətbiq edilməlidir. Həm təhsil siyasəti, həm də müəllimlərin şəxsi və peşəkar ehtiyacları nəzərə alınmalıdır. Belə bir yanaşma həm təhsilin keyfiyyətinin artırılmasına, həm də müəllimlərin motivasiyasının qorunmasına töhfə verə bilər”.



Seçilən
14
news24.az

1Mənbələr