Birincisi, artan hərbi ritorika Ermənistana nə vəd edir? İkincisi, İrəvan nəyə, kimə arxayın olub tonu yüksəldir?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistan rəsmilərinin son dövrlərki cəsarətli bəyanatları kifayət qədər ciddi mətləblərdən xəbər verir:
"Ermənistan Azərbaycanla şərti sərhəddə bir çox istehkam sistemləri, səngərlər yaradır, hərbi texnika və artilleriya qurğuları üçün müvafiq mövqelər tikir. Bu onu göstərir ki, Ermənistan ciddi şəkildə silahlanmaqla bərabər gələcək hərbi toqquşmalara hazırlığını davam etdirir. Bununla bağlı xeyli öncədən Azərbaycanda məlumatlar var idi. Ehtimal olunurdu ki, Ermənistan Hindistan, Fransa, Yunanıstan və İran kimi dövlətlərdən aldığı silah-sursatı real döyüş vəziyyətində sınaqdan çıxartmaqda maraqlıdır. Əsas niyyət ondan ibarətdir ki, silahlar sınaqdan çıxarıldığı dövrdə şərti sərhədlərdə hansısa strateji yüksəkliklər və ərazilər ələ keçirilməklə kiçik toqquşmadan sonra Ermənistan ordusu gücünü bərpa etdiyi, döyüş qabiliyyətinin artdığı haqqında məlumatları cəmiyyətə vermək, bununla da cəmiyyətdə və orduda revanşist əhval-ruhiyyəni gücləndirməklə Azərbaycanla danışıqlar prosesində əlverişli şərtlər yaratmağa çalışır".
Politoloqun sözlərinə görə, bu cür bəyanatlar Ermənistanın daxili auditoriyasına yönəlib:
"44 günlük Vətən müharibəsində darmadağın edilmiş ordu 3-4 ildə özünü toparlayıb, döyüş qabiliyyətini ciddi şəkildə atırdığını, müdafiə, təhlükəsizlik sahəsini şaxələndirdiyini göstərməyə çalışır. Bu cür ritorikanın arxasında başqa niyyətlər də dayanır. Ermənistan müstəqil qərarlar qəbul etmək iqtidarında olmadığına görə daha çox Qərbdən gələn təlimatlara uyur. Azərbaycan prosesi diqqətlə izləyir. Birmənalı şəkildə mövqeyini də ifadə edib. Ermənistan bu ritorikaya davam edəcəksə, Azərbaycan dərhal və sərt cavab verəcək. O zaman bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşəcək".