AZ

İƏT-in Bakıda keçiriləcək sammiti –QMİ sədri Baş katiblə nələri müzakirə edib?

İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammiti 2026-ı ildə Azərbaycanda keçiriləcək.

Bu barədə qərar ötən il Qambiya Respublikasında keçirilmiş zirvə görüşündə qəbul edilib.

Bu məsələ yanvar ayının 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyətinin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüsseyin Brahim Taha ilə görüşündə bir daha müzakirə edilib.

İƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirən Taha 2026-cı ildə İƏT Dövlət və Hökümət başçılarının 16-cı Sammitinin ölkəmizdə keçirilməsinin İƏT dövlətlərinin Azərbaycana etimadının göstərici olduğunu vurğulayıb.

Görüşdə bu əlaqələrin bütün İslam dünyası üçün nümunəvi səciyyə daşıdığı qeyd edilib.

Şeyxülislam A.Paşazadə BMT-nin Sivilizasiyalar Alyansı və İƏT-in həmtəşkilatçılığı ilə İslamofobiya, dini azadlıqlar, tolerantlığı özündə ehtiva edən konfransın İƏT Dövlət və Hökümət başçılarının 16-cı Sammiti öncəsi Azərbaycanda keçirilməsini təklif edib.

Şeyxulislam Azərbaycanın 1991-ci ildə – hələ  Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu diqqətə çatdırıb. QMİ sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr bundan sonra da yüksələn xətlə davam edəcək.

Azərbaycanla İƏT arasında etimada söykənən yaxın əməkdaşlığın yaxşı tarixi var.

1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmış İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

İslam Əməkdaşıq Təşkilatı BMT ilə sıx əməkdaşlıq edir. İƏT 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib.

Azərbaycan bu təşkilatın işində fəal şəkildə iştirak edir.

1991-ci ilin dekabrında QMİ sədrinin bilavasitə təşəbbüsü sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq o zaman Dakarda keçirilən İslam Konfransı Təşkilatının sammitində üzvlüyə qəbul edilib.

Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Əməkdaşlıq Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olub. Həmin toplantıda Pakistanın Baş naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

Bu üzvlük ölkəmizin üzləşdiyi təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib platforma idi.

Əslində Dakar sammitində Azərbaycanın quruma üzvlük məsələsi gündəlikdə olmayıb.  Sammitdə iştirak edən Şeyxülislamda elə oradaca Azərbaycanı İƏT-tə üzv etmək ideyası yaranıb. Lakin bunun üçün Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun razılğı və imzası zəruri idi. A.Paşazadə yaranmış fürsəti əldən buraxmamaq qərarına gəlir. O, prezident Ayaz Mütəllibovun adından sənədi imzalayır.

QMİ sədri müsahibələrinin birində 1991-ci ilin dekabrında ölkəmizin bu mötəbər quruma üzvlüyündə oynadığı rolu həyatının ən yadda qalan hadisəsi adlandırmışdı.

90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İKT-nın dəstəyi mühüm faktora çevrilir. 1991-ci ildə İslam Konfransı Təşkilatının nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycana səfərə gəlir. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparır. İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoyur və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşır.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İƏT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edir.

 

Mərhum prezident Heydər Əliyev 1994-cü ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirak edir. İƏT Zirvə görüşləri tarixində ilk dəfə Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul olunur. Qərar BMT qətnamələrinin yerinə yetirilməsini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir.

İlk dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT VIII Zirvə görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə siyasi qətnamə qəbul edildi. Bu, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı.

Vətən Müharibəsinin ilk günündən bizə dəstək verən ölkələr və beynəlxalq qurumlar verdikləri bəyanatları ilə müharibə tarixində yerini aldılar. Bu günlər həm də Azərbaycan üçün diplomatik cəbhədə bir sınaq oldu.

Bu sırada nufuzlu İslam Əməkdaşlıq Təşkilatının mövqeyi ilk gündən seçildi.

Ermənistanın ölkəmizə qarşı təxribatının baş verməsindən bir gün sonra –sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanat verərək Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə pislədi. İƏT Azərbaycanla həmrəyliyini ifadə edərək  Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.

Hərbi əməliyyatların getdiyi müddət ərzində İƏT üzvü olan ölkələrin dini rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərərək dəstəklərini ifadə etdilər.

2020-ci il noyabrın 10-da  Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat bir daha Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəsinə İƏT-in dəstəyini vurğuladı.

2022-ci ilin iyunun 27-də Prezidenti İlham Əliyev iyunun 27-də İƏT Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edib.

Dövlət başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını vurğulayıb.

Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirib. Qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd olunub.

2023-cü ilin noyabrında ölkəmizdə səfərdə olan İƏT Baş katibi Tahanı qəbul edən Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlət başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib.

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırıb.

Ölkəmizin İƏT-də və böyük müsəlman dövlətlərinin ictimai-siyasi-dini elitası arasındakı nüfuzu Azərbaycanın tolerantlıq siyasətinə etimadı möhkəmlədib. Bu işdə QMİ sədrinin töhfələri də özünəməxsusdur. Bu fəaliyyət nəticəsində Azərbaycan ayrı-ayrı luzumsuz məzhəb mübahisələrində  tərəfi kimi deyil, islam aləminin vahid siyasi platformasının təşəbbüskarı kimi çıxış edərək bu ideyanın avanqardına çevirib.

Bu isə bütövlükdə Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun etibarlı dəstəyi sayılmalıdır.

E.ABBASOV

 

 

 

Seçilən
14
azpost.info

1Mənbələr