Moldovanın “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirləri dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlətimizin başçısının çıxışına istinadla Zəngəzur dəhlizinin artıq dünyada ümumi qəbul edilmiş ifadə və termin olduğu vurğulanıb. Beynəlxalq leksikona daxil edildiyi və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atdığı diqqətə çatdırılıb.
Məqalədə, daha sonra Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.
Müəllif qeyd edir ki, Azərbaycan dövləti Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələni qeyd edir: Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, Azərbaycanın tələbidir və nəzərə alınsa ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti Azərbaycanın əlindən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildir.
Məqalədə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı söylədiyi digər fikirlərə də geniş yer verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu