AZ

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır

Ankara, 30 yanvar, AZƏRTAC

Özbəkistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli dialoq formatı üç türk dövlətinin möhkəm və səmərəli əməkdaşlıq platformasını formalaşdırır. Bu uğurun əldə edilməsində dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldıran ölkələrimizin liderlərinin böyük rolu var.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan XİN rəhbəri Baxtiyar Saidov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair keçirilmiş birgə mətbuat konfransında söyləyib.

Nazir Özbəkistan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını xatırladaraq, Azərbaycanla müttəfiqlik münasibətlərinin də yüksək səviyyədə olduğunu vurğulayıb.

O qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələr qarşısında yeni imkanlar açır. “Son illər dövlətlərimiz arasında qarşılıqlı fəaliyyət misli görünməmiş səviyyəyə yüksəlib. Xarici siyasətdə mövqelərimiz yaxınlaşır, dinamika müşahidə olunur, əməkdaşlığın yeni istiqamətləri müəyyən olunur”, - deyə B.Saidov söyləyib. O, Daşkəndin Bakı və Ankara ilə strateji dialoqun daha da möhkəmləndirilməsinə hazır olduğunu qeyd edib.

Özbəkistan XİN rəhbəri Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında həyata keçirilən ölkənin açıq, praqmatik və təşəbbüskar siyasi kursuna diqqət çəkib. “Müasir dövrün böhran və çağırışlarına baxmayaraq, Daşkənd Mərkəzi Asiya ölkələri ilə mehriban qonşuluq əlaqələrinin dərinləşdirilməsi kursunu davam etdirir, dünyanın müxtəlif nöqtələrində tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirir”, - deyə o söyləyib.

Nazirin sözlərinə görə, türk dövlətləri ilə əlaqələr, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafı Özbəkistan üçün vacib prioritet məsələdir.

B.Saidov trans-Əfqanıstan dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayaraq bildirib ki, “bu, Mərkəzi və Cənubi Asiya arasında ticarətin inkişafı üçün güclü stimul olacaq, ümumilikdə dünya ticarətinə müsbət təsir göstərəcək”.

Sonda özbəkistanlı nazir ölkəsinin turizm və mədəniyyət sahəsində Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinə hazır olduğunu qeyd edib, həmçinin Bakıya böyük beynəlxalq tədbirlərin təşkil edilməsində uğurlar arzulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
12
40
azertag.az

10Mənbələr