AZ

Zəngəzur dəhlizi – ilahi ədalət, böyük haqq

Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini bir daha açıqladı

Prezident İlham Əliyev 44 günlük müharibənin yekunlarını müəyyənləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzaladıqdan sonra Azərbaycan xalqına müraciətində bildirmişdi ki, ölkəmizin savaşdan qazandığı ən böyük nailiyyətlərdən biri Naxçıvana yoldur: 

“Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”. 

Azərbaycan və Rusiya liderləri ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın imzasının yer aldığı üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizinin Azərbaycan üçün müstəsna əhəmiyyət daşıdığını bildirdi. Əlbəttə, dövlətimizin başçısı layihə ilə əlaqədar əvvəllər də fikrini açıqlamış, müəyyən məqamlara diqqət çəkmişdi. Hesab edirik ki, daxili əhəmiyyət daşıyan, yəni sırf nəqliyyat məsələlərinə dair müşavirədə mövzuya xüsusi yer ayrılması adi sayıla bilməz. Deməli, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti özü üçün müstəsna əhəmiyyət daşıyan dəhlizə eyni zamanda strateji obraz qazandırır. Ölkəmizin liderinin “yeni layihələr arasında Zəngəzur dəhlizi” ifadəsi bu obrazın, necə deyərlər, vizit kartıdır. 

Zəngəzur dəhlizi Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü termindir. Bu termin özündə savaşdakı müqəddəs Zəfərimizin mükafat məntiqini birləşdirir. Bu məntiqdə ilahi ədalət payı, otuz ilə yaxın davam etmiş işğal nəticəsində çəkdiyimiz zülm və iztirabların, çətinlik və məhrumiyyətlərin təzminatı var. Beynəlxalq aləm də mövcud reallığı dərk etməli, haqqımızı tanımalıdır və tanıyır da. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir”. 

Dövlətimizin başçısı müşavirədə ilahi ədalətin təmin olunması və xalqımızın çəkdiyi zülm və iztirabların təzminatı baxımından daha geniş anlamlı tarixi faktlara da diqqət çəkdi ki, bu barədə yazımızın sonunda onun səsləndirdiyi digər fikirlər fonunda söz açacağıq. Hələlik isə bildirək ki, ölkəmiz Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atıb. Məlumdur ki, Azərbaycan Vətən müharibəsindən sonra mövcud istiqamətdə dəmir və quru yolu nəqliyyatının yaradılmasına, hələ sabiq SSRİ dövründə mövcud olmuş kommunikasiyaların daha müasir formada bərpasına yönələn xeyli işlər görüb. Bu işlərə savaşa son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə düşən öhdəliklərin icrası nöqteyi-nəzərdən yanaşıb. Ermənistan isə qeyri-konstruktiv mövqe sərgiləyir: “...faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır”.

Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan üçtərəfli bəyanata əməl etmir, müxtəlif bəhanələr gətirir, qeyri-real və cəfəng layihələr ortaya atır, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalara yol verir. Manipulyasiyalardan söz düşmüşkən, bunlar Cənubi Qafqazda sülh mühitinin formalaşmasına əngəl törətmək məqsədi daşıyır. Söhbət bilavasitə rəsmi İrəvanın irəli sürdüyü “Sülhün kəsişməsi”, yaxud “Dünyanın kəsişməsi” təşəbbüsündən gedir. Yeri gəlmişkən, müharibə başa çatandan sonra “dünyanı kəsişdirmək” Ermənistanın yadına heç düşmürdü də. Ölkənin qeyri-konstruktiv, anti-sülh mövqeyi elə bundan görünür. Yəni, rəsmi İrəvan “Sülhün kəsişməsi” kimi cəfəng ideyanı gündəmə savaşdan təxminən iki il keçdikdən sonra gətirmişdi. Özü də havadarlarının köməyi ilə. 

“İdeyadan” məqsəd Cənubi Qafqazda erməni avantürizmini qorumaqdır. Baş nazir Nikol Paşinyan və komandasının təmsilçiləri iki il əvvəldən bunun üçün dəridən-qabıqdan çıxmağa başladılar. Elə bir beynəlxalq tədbir olmadı ki, onlar “Sülhün kəsişməsi” avantürasını orada reklam etməsinlər. Ən əsası isə rəsmi İrəvan sözügedən avantüranı regionda barış mühitinin başlıca komponenti elan etdi və mövqeyində qalır. 

Ermənistan rəhbərliyi nəticə etibarilə üçtərəfli bəyanatın kommunikasiyaların açılması kasuzunun fərqli interpretasiyasına girişib. Belə yanaşmanın reallıqları heçə saymağa hesablandığı gün kimi aydındır. O da aydındır ki, reallıqları görməzdən gəlməyin mühüm hədəfi erməni avantürizmini diri saxlamaqla, Azərbaycana təsir rıçaqları əldə etməkdir. Bu, 44 günlük müharibə nəticəsində Ermənistanın itirdiklərinin bərpasından keçir. Başqa sözlə desək, güclü Ermənistan Azərbaycan və bütövlükdə region üçün aparıcı fiqur olmalıdır ki, Cənubi Qafqazda Qərbin təsiri oturuşmuş xarakter alsın. Yəni, ortada belə bir məkr var. Ancaq Prezident İlham Əliyev əminlik yaradır: “Halbuki bu dırnaq­arası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”. 

Beləliklə, “Sülhün kəsişməsi”nin Azərbaycansız tamamilə əhəmiyyətsiz layihə olduğunu vurğulayan Prezident İlham Əliyev Ermənistanın müxtəlif üsullarla vaxt uzatmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını, ölkəmizə qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verdiyini açıqlayıb. Nəticə göz qabağındadır. Dövlətimizin başçısının vurğuladığı kimi, bugünədək Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə ən qısa və ən rahat bağlantımız yoxdur. Qeyd edək ki, cənab Əliyev bu barədə yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də söz açmış, ölkəmizin qətiyyətli mövqeyini diqqətə çatdırmışdı: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Prezident İlham Əliyevin təbirincə desək, Ermənistan ötən beş ildə bizi çox əsəbiləşdirib. Müxtəlif xarici qüvvələri, xüsusən də ABŞ-ı üzərimizə salıb təzyiq göstərilməsinə çalışıb. Çalışıb ki, regional kommunikasiyaların açılmasında rəsmi İrəvanın irəli sürdüyü gündəm əsas götürülsün. Əlbəttə, Azərbaycan otuz ilə yaxın davam etmiş işğala görə riskə gedə, Ermənistanın Cənubi Qafqazın açar fiquru kimi güclənməsinə meydan tanıya bilməz. Buna görə də dövlətimizin başçısı rəsmi İrəvanın üçtərəfli bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə, ölkəmizin Naxçıvana yolla əlaqədar alternativ varianta üstünlük verdiyini açıqlayıb. 

Deməli, bir halda ki, Ermənistan yolun “Azərbaycandan Azərbaycana yol” məntiqini qəbul etmir, İran variantı aktual olmalıdır. Əslində, sözügedən variant bu gün də aktualdır. O anlamda ki, həm işğal dövründə, həm də ondan sonra Naxçıvana mərkəzdən gedən yüklər, o cümlədən, vətəndaşlarımız İrandan keçib gediblər. Yəni, İslam respublikasındakı hərəkət zamanı xüsusi təhlükəsizlik təminatlarına ehtiyac yoxdur. Ancaq eyni fikri Ermənistan barədə söyləyə bilmərik. Çünki işğal tarixçəsi öz yerində, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Bakıdan Naxçıvana yol alan qatarlarımızın Ermənistan SSR tərkibindəki Mehri rayonu ərazisində necə daşa basıldığı, erməni millətçilərinin çıxardıqları oyunlar yadımızdan çıxmayıb. Ona görə də Prezident İlham Əliyev indinin prizmasından çıxış edərək vurğulayır: “Biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq”.

Yada salaq ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibənin qalibi kimi Ermənistana barış əlini uzatmış, böyüklük göstərmişdi. Bu böyüklükdə regional kommunikasiyalarda birgə iştirak və qarşılıqlı fayda seqmenti var idi. Mövcud istiqamətdə Prezident İlham Əliyevin və ölkəmizin rəsmilərinin açıqlamaları da olub. Eyni zamanda, qardaş Türkiyədən də bununla əlaqədar mesajlar verilib. Ancaq rəsmi İrəvan çağırışlara məhəl qoymaq əvəzinə, yuxarıda vurğuladığımız kimi, Qərbin regional maraqlarının təminatında “peşka”lığı seçib və yenə eyni ampluadadır. 

Bir halda ki, Ermənistan fayda trayektoriyasını düzgün dəyərləndirə bilmir, o zaman ölkə otuz ildən artıq müddətdə olduğutək yenə dalan kimi qalmağı seçir. Bu aqibət nəticəsində “özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır”. 

Sonda bir məqamı da vurğulayaq. Yazımızın əvvəlində “ilahi ədalət” ifadəsini əbəs yerə işlətmədik. Həmçinin, ilahi ədalətin daha böyük fazasının olduğunu vurğuladıq. Nəzərə alaq ki, Azərbaycandan Azərbaycana rahat keçid həm də bu ifadədən, onun tarixi haqq prizmasından qaynaqlanır. Dövlətimizin başçısı məsələyə həm yanvarın 7-dəki müsahibəsində toxundu, həm də yanvarın 28-də keçirilmiş müşavirədə. 

Prezident İlham Əliyev toplantıda ilahi ədalətin bərpasının zəruriliyini daha geniş şəkildə, özü də son dərəcə əminliklə vurğulayıb. Yazımızı ölkəmizin liderinin bu baxımdan səsləndirdiyi fikirlərlə bitirir, əlavə şərhə ehtiyac duymuruq: “Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Əvəz CAHANGİROĞLU
XQ

 

Seçilən
14
50
xalqqazeti.az

10Mənbələr