Ölkəmiz Dünya Bankı Qrupu ilə əməkdaşlığını genişləndirir. Bankın Direktorlar Şurası Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib. Bu müzakirələrin nəticəsi olaraq qurum bugünlərdə həmin sənədin ölkəmizlə bağlı əsas istiqamətlərini açıqlayıb.
Məlumat üçün bildiririk ki, Ölkə Tərəfdaşlıq Çərçivəsi növbəti 5 ildə Azərbaycanla strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir. Sənəd ölkəmizin daha rəqabət qabiliyyətli, daha “yaşıl” və inklüziv iqtisadiyyata keçidini və qarşıda duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək. Ölkə Tərəfdaşlıq Çərçivəsi Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.
Dünya Bankı Qrupundan mətbuata verilən açıqlamaya görə, bu strategiya məhsuldarlığın artırılması, daha yaxşı məşğulluq, eləcə də iqtisadiyyatın dayanıqlığı və dözümlülüyünün artırılması kimi iki yüksək səviyyəli nəticəyə fokuslanıb. Qurumdan onu da bildiriblər ki, Ölkə Tərəfdaşlıq Çərçivəsi biznes mühitinin təkmilləşdirilməsi, daha çox və daha yaxşı məşğulluq imkanları, o cümlədən iş yerlərinin yaradılmasına və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı və “yaşıl” maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışın genişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstək vasitəsilə inklüzivliyin təşviq olunması ilə bağlı vacib məsələlərdə Azərbaycana kömək edəcək.
Eyni zamanda, nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, o cümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişaf etdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantıların təkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinin təşviq olunması, bərpaolunan energetikaya keçidin sürətləndirilməsi, o cümlədən enerjinin ötürülməsi infrastrukturunun güclədirilməsi, bərpaolunan energetika layihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlb olunması və “yaşıl” energetika dəhlizlərinin təşviq olunmasında da ölkəmiz çərçivə sənədinin imkanlarından yararlana biləcək.
Çərçivə sənədi qarşıdakı beş ildə iqlim dəyişmələrinə uyğunlaşmanın genişləndirilməsi, o cümlədən, “yaşıl” binalar da daxil olmaqla iqlim dəyişmlərinin təsirinə dözümlü şəhər ekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları, habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi və səmərəliliyi ilə bağlı məsələlərdə də ölkəmizi dəstəkləyəcək.
Yeri gəlmişkən, Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stallmeister Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədinin respublikamızla bağlı planlarının təmsil etdiyi qurumun Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyini əks etdirdiyini vurğulayıb. O, tərəfdaşlığın Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcəyinə əminliyini bildirib.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi arasında əməkdaşlıq Ölkə Tərəfdaşlıq Çərçivəsinin məğzini təşkil edir. Bu, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyası vasitəsilə həyata keçiriləcək. Dünya Bankı Qrupu, həmçinin inkişafa təsiri maksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəl sektorla sıx işləyəcək.
Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte isə təmsil etdiyi qurumun Azərbaycanda davamlı inkişafı dəstəkləməkdə sadiqliyini bildirib: “Beynəlxalq Maliyyə Korporasiyası bu məqsədlə infrastruktur, enerjiyə çıxış, “yaşıl” maliyyə, kənd təsərrüfatı və su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, – deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Həmin vaxtdan bəri qurum ölkəmizi iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan, həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanıb.
Ölkəmiz Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci ildə üzv seçilib. Qurum ötən müddətdə ölkəmizə, təxminən, 900 milyon ABŞ dolları sərmayə qoyub. Həmin vəsait hesabına ölkəmizdə maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihə maliyyələşdirilib. Bununla yanaşı, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq və aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.