Təəssüf ki, “kimsənin məsləhətinə və təklifinə ehtiyacım yoxdur. Mən öz işimi hamıdan yaxşı bilirəm” kimi fikirlər insan beyninin ən dərin qatında yer alıb daşlaşmış bir düşüncədir. Buna görə də təcrübə onu göstərirki kənardan verilən təkliflər ayrı-ayrı qurumlar tərəfindən çox nadir hallarda müsbət qiymətləndirilir.
Təkliflərdən öncə qeyd edim ki, paytaxtın tıxac problemlərinə müşavirə keçirərək ən yüksək səviyyədə münasibət bildirilməsi təqdirəlayiq hadisədir. Eyni zamanda bu problemlərin həllinə yönəlik dövlət proqramının qəbul edilməsinə və doğru icrasına sinəsi partlayan Bakının böyük ehtiyacı vardı.
Konkret təkliflərimə gəldikdə isə bu dövlət proqramı hal-hazırda tam detalları ilə ictimaiyyətə açıqlanmadığı üçün təklifləri də ümumi konteksdə aşağıdakı kimi ifadə etmək istərdim:
- Yol tikinti layihələri böyük vəsaitlər tələb etdiyindən, əvvəlki illərdə yol və körpü tikintisi zamanı yaşanan xoşagəlməz halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır.
- İsrafçılığın qarşısının ən yüksək səviyyədə alınmalıdır. Məsələn, saysız-hesabsız yerüstü piyada keçidlərinin bahalı materiallarla örtülməsi və süni şəkildə dəyərinin şişirdilməsi yolverilməzdir. Küçədə yerüstü piyada keçidlərinin üstünün bahalı materiallarla bağlanması. yeraltı keçidlərin mərmər döşənməsi kimi adətlərə son qoyulmalıdır.
- Tikinti işləri üzrə xərclər maksimum şəffaf olmalı və dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin edilməlidir. Bütün tenderlər tam şəffaf keçirilməli və proses ictimaiyyət tərəfindən izlənə bilməlidir.
- Rəqabət mühiti təmin olunmalıdır. Real rəqabət olmalıdır ki, keyfiyyət və səmərəlilik artsın və yerli sahibkarlığın inkişafına bu ciddi təhfə versin, nəinki qeyri-sağlam rəqabət şəraitində dövlət vəsaitləri mənimsənilsin.
- Hesablama Palatasının hesabatlarında dəfələrlə büdcə vəsaitlərinin qeyri-səmərəli istifadəsinə dair ciddi faktlar qeyd olunub. Eyni zamanda ölkə başçısı də müşavirədə Bakıda nəqliyyatın hərəkətinə dair çox ciddi çatışmazlığı olan uğursuz layihələri vurğuladı və qınadı. Ona görə də bu layihələrə Hesablama Palatası ən yüksək səviyyədə nəzarət etməlidir.
- Texniki-iqtisadi qiymətləndirmə ən ciddi təhlillərlə tamamlqqnmalıdır
- İstifadə olunan vəsaitlərin hesabatlılığı təmin olunmalı, xərclər üzrə tam şəffaflıq olmalıdır.
- Tramvay xətləri tıxac probleminin həlli deyil. Dünya tranvaya ekoloji həll kimi baxır. Odur ki, bu daha çox ekoloji nəqliyyat layihəsidir və sıx hərəkət olan yerlərdə effektiv həll ola bilməz. Tramvayın hərəkət etdiyi ikinci zolaq, elektrik təchizatı problemləri və nasazlıq halları tıxacları daha da artıracaq. Bakı o zamankı küçələri boş Bakı deyil ki, tramvay haqda düşünülsün. Bu kütləvi əlavə maliyyə yükü yaratmaqdan başqa bi rşey deyil. Bunu bir dəfəlik anlamaq lazımdır. Vaxt vardı Bakı-Sumqayit qatarına nə qədər pul sərf edildi ki Bakı-Sumqayit yolu nisbətən düzələcəkdir. Düzəldimi? Əlbəttə yox. Real sərnişin axınları doğru təhlil edilərdisə bunu da öncədən demək olardı. Odur ki, metro istisna olmaqla “dəmir trayektoriyalar” əlqvə maliyyə yükü yaradacaq və Bakıda tıxacların xilaskarı ola bilməyəcək. Tramvay isə nəinki fayda verməyəcək, əksinə yolları daraldacaq və problemləri artıracaqdır.
- Daha geniş təkliflərin verilməsi üçün qeyd etdiyim kimi dövlət proqramı bütün detalları ilə, o cümlədən, hazırlanacaq layihələr şəffaf şəkildə ictimaiyyətə təqdim edilməli və geniş müzakirəyə açıq olmalıdır.
- Ən əsası müzakirə üçün real vaxt verilməlidir – qısa müddətli (5-10 günlük) müzakirələr əvəzinə bir neçə ay müddətində ictimai rəy toplamaq lazımdır.
- Müzakirələrə ekspertlər, biznes nümayəndələri, vətəndaş cəmiyyəti və vətəndaşlar cəlb olunmalıdır. Onlayn platformalar, açıq forumlar və ictimai dinləmələr təşkil edilməlidir.
Eldəniz Əmirov, iqtisadçı ekspert
PS. Mövzu o qədər genişdir ki, bir kitab təklif yazmaq mümkündür. (Şərh bölməsi təkliflərinizi yaza bilərsiz.) Ümumiyyətlə media nümayəndələrinin və ictimaiyyətin bu məsələdə aktiv olması ümumi işin xeyrinədir. Ölkə başçısı əbəs yerə bunu xüsusi vurğulamadı.