Ukrayna yığmasının əslən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov 2024-cü il Avropa çempionatında yaşadığı insidentdən danışıb.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı pəhləvan Sport-express.ua nəşrinə müsahibəsində əslən belaruslu Aleksandr Levonçukun əlini sıxmaqdan imtina etdiyini bildirib.
Nəsibov bu qarşılaşmada böyük məsuliyyət hiss etdiyini söyləyib: "Bilirdim ki, nəyin bahasına olur-olsun, mütləq qalib gəlməliyəm. Buna nail oldum. Mənim üçün rəqibin əlini sıxmamaq, döşəkdə onunla görüşməmək, heç bir hörmət göstərməmək prinsipial məsələ idi. Bizim idman növündə buna görə cəza yoxdur".
Qeyd edək ki, ötən il 12 - 18 fevralda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş Avropa çempionatında Pərviz Nəsibov 72 kq çəki dərəcəsində yarışıb. 1/16 finalda rəqib fərdi neytral atlet statusu ilə mübarizə aparmış Aleksandr Levonçuk olub. Nəsibov 4:3 hesablı qələbə ilə mərhələ adlayıb. Yarımfinalda o, Azərbaycan təmsilçisi Ülvi Qənizadəyə uduzaraq, bürünc medalla kifayətlənib. Qənizadə isə finalda türkiyəli Selçuk Cana yenilib və yarışı gümüş medalla tamamlayıb.