AZ

Paşinyan hakimiyyətinin “Sülh kəsişməsi” İDEYASI – İrəvan nə əldə etmək İSTƏYİR?

Ermənistanın daxili siyasət gündəmini hakimiyyət sülh gündəmi çərçivəsində formalaşdırmağa davam edir.

2021-ci il növbədənkənar parlament seçkilərində də Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət “Gələcək var” şüarı ilə çıxış edirdi ki, bu da məhz sülh gündəminə əsaslanırdı. Hakimiyyət iddia edir ki, sülh yeni dövr açacaq, regional kommunikasiyalar açılacaq, ticarət genişlənəcək və Ermənistan iqtisadi inkişaf imkanları əldə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzet yazır ki, bu kontekstdə Paşinyan hökuməti Ermənistanın qarşısında böyük perspektivlərin açıldığını iddia edir. Hətta bu istiqamətdə ayrıca bir təşəbbüs də irəli sürülüb – “Sülh kəsişməsi”. Bu layihənin reallaşması üçün Azərbaycan və Türkiyə ilə yalnız sərhədlərin açılması yetərli deyil, eyni zamanda, qarşılıqlı ərazi bütövlüyünün tanıması da vacibdir.

KİV əlavə edib ki, bu layihə Ermənistan hökuməti tərəfindən geniş şəkildə təqdim olunur. Hakimiyyət bununla bağlı broşüralar hazırlayır, xarici rəsmilərə təqdimatlar edir, müxtəlif beynəlxalq forumlarda çıxışlar edir. Son olaraq, Paşinyan Davos Dünya İqtisadi Forumunda “Sülh kəsişməsi”na xüsusi diqqət ayıraraq, bu təşəbbüsə dair xəritə də nümayiş etdirib.

“Lakin “birdən” məlum olub ki, əslində, bu layihənin digər ölkələrlə müzakirəsi praktiki heç bir nəticə vermir, çünki bu məsələ Azərbaycanın gündəminə daxil deyil. Reallıq budur ki, “Sülh kəsişməsi” layihəsi indiyə qədər sadəcə informasiya məkanında yer alıb, lakin konkret nəticə verməyib. Azərbaycan Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir, Paşinyan isə hələ də Ermənistanın 29,7 min kv.km. ərazisindən danışır. Daha sonra isə bildirir ki, Ermənistanın mövcud sərhədləri onların sülh gündəminin əsas konseptual dayağıdır”, – deyə məlumatda qeyd olunub.

Qəzet onu da vurğulayıb ki, bundan başqa, Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir:

“Ermənistan hakimiyyəti də artıq ən yüksək səviyyədə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı ictimaiyyətə siqnallar göndərir. Paşinyan isə daha da irəli gedərək, Ermənistanın Konstitusiya dəyişikliyinə deyil, yeni bir Konstitusiyaya ehtiyacı olduğunu bəyan edir. Əslində, hökumət xalqı inandırmağa çalışır ki, tezliklə sülh müqaviləsi imzalanacaq. Bununla da Paşinyan, bir tərəfdən, davamlı güzəştlər edərək hakimiyyətdə qalmağa çalışır, digər tərəfdən isə Ermənistan ictimaiyyətini sülh ideyası ilə sakitləşdirməyə çalışır. Onsuz da problem yalnız hərbi qarşıdurma ilə həll olunmalı deyil, diplomatik müstəvidə də bu məsələ ilə bağlı mübarizə aparılmalıdır. Lakin Paşinyan hökuməti nə hərbi, nə də diplomatik müstəvidə uğur qazana bilib. Onların yeganə bacardığı şey sadəcə təslim olmaqdır”.

Rafi Müslümov

Seçilən
10
50
yenicag.az

10Mənbələr