AZ

“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib.

Bunu jurnalistlərə açıqlamasımda "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçik həcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb. Metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb", - o qeyd edib.

Onun sözlərinə görə, təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb: "Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb".

B.Məmmədon deyib ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib: "Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb. “Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6 mərhələdə aparacaq. Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq".

Seçilən
26
8
aznews.az

10Mənbələr