"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri, tarixçi Kənan Məmmədov 29 yanvar 2025-ci ildə keçirilən bələdiyyə seçkiləri ilə bağlı QHT.az-a açıqlama verib. O, bu seçkilərin Azərbaycan xalqının demokratik proseslərə sadiqliyini və yerli özünüidarəetmənin inkişafına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdiyini vurğulayıb.
Kənan Məmmədov bildirib ki, bu seçkilər vətəndaşların öz nümayəndələrini seçərək, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və milli müstəqilliyin qorunmasında fəal iştirakını göstərdi:
"Tarix boyu bələdiyyələr, yerli problemlərin həllində və cəmiyyətin ehtiyaclarının qarşılanmasında mühüm rol oynayıb, bu da dövlətin ümumi inkişafına töhfə verib. Yeni seçilmiş bələdiyyə üzvləri, Azərbaycanın dövlətçilik tarixi, milli müstəqillik uğrunda mübarizəsi və demokratik ənənələri haqqında dərin biliklərə malik olmalıdırlar. Bu biliklər, onların qərar qəbul etmə prosesində və yerli idarəetmədə daha səmərəli fəaliyyət göstərmələrinə kömək edəcək. Eyni zamanda, bələdiyyə üzvləri, tarixi təcrübələrdən dərs çıxararaq, müasir dövrün tələblərinə uyğun yenilikçi yanaşmalar tətbiq etməlidirlər. Bu, həm yerli səviyyədə, həm də ümumilikdə ölkə miqyasında davamlı inkişafın təmin edilməsinə şərait yaradacaq. Beləliklə, bələdiyyələrin gücləndirilməsi və onların səmərəli fəaliyyəti, Azərbaycanın dövlətçilik iradəsinin və milli müstəqilliyinin qorunmasında əhəmiyyətli rol oynamağa davam edəcək".
Pərvanə Fərhadqızı