“Bu dəfə keçiriləcək Azərbaycan çempionatı böyük maraq doğurur”.
Bunu İdman.biz-ə şahmat üzrə Əməkdar məşqçi Fikrət Sideifzadə deyib.
Təcrübəli mütəxəssis sabah start götürəcək Azərbaycan çempionatı öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, budəfəki yarış digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir: “Burada ən güclü şahmatçılarımız iştirak edəcəklər. Üstəlik, çempionatın yüksək mükafat fondu var. İndiyə qədər analoji yarışda belə rəqəmlər olmayıb. Həm kişilər, həm qadınlar arasında maraqlı mübarizə gözlənilir. Çempionat Olimpiya sistemi ilə təşkil olunduğu üçün qarşılaşmada uduzan yarışdan çıxmalı olacaq. Bu da yarışa xüsusi maraq qatacaq. Mənim yadımda deyil ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov nə vaxt Azərbaycan çempionatında oynayıb. Böyük maraqla mübarizənin necə keçəcəyini gözləyirik. Hamımız üçün nəticələr maraqlıdır. Bu turnirdə, həmçinin Avropa çempionatında iştirak edəcək komandanın heyəti də müəyyən olunacaq. Ona görə də yarışı böyük həyəcanla izləyəcəyik”.
Qeyd edək ki, çempionat fevralın 15-dək davam edəcək. Kişilərin çempionatı olimpiya sistemi üzrə 26 iti zəka sahibinin iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir.
Yarışın ümumi mükafat fondu 90 min - kişi şahmatçılarda 60, qadınlarda isə 30 min manat təşkil edir.
Aytac Sahəd
İdman.biz