Zəngəzur Dəhlizi, Azərbaycan üçün sadəcə bir nəqliyyat layihəsi deyil, həm də tarixi, iqtisadi və siyasi baxımdan mühüm strateji məsələdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəhliz Azərbaycanın təşəbbüsü ilə beynəlxalq gündəmə daxil edilib və artıq dünya səviyyəsində qəbul olunmuş bir termindir.
Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan üzərinə bu bağlantını təmin etmək öhdəliyi götürmüşdür. Lakin son dörd ildən çoxdur ki, Ermənistan müxtəlif bəhanələrlə bu prosesi ləngidir və qeyri-konstruktiv mövqe sərgiləyir.
Azərbaycan, buna cavab olaraq, İran İslam Respublikası ilə alternativ marşrutlar üzərində razılaşma əldə edib və Ermənistanı "baypas" edəcək avtomobil körpüsünün tikintisini həyata keçirir. Eyni zamanda, Gürcüstan və Türkiyə üzərindən də alternativ yolların inkişafı nəzərdən keçirilir. Bu isə Ermənistanın bölgədə tranzit ölkəyə çevrilmək arzularının puça çıxacağını göstərir.
Ermənistan "Sülh Kəsişməsi" adlı bir layihəni irəli sürərək diqqəti yayındırmağa çalışır. Lakin bu layihənin həyata keçməsi üçün Azərbaycanın razılığı vacibdir, çünki Azərbaycanın iştirakı olmadan bu layihənin heç bir əhəmiyyəti yoxdur. Ermənistanın bu təşəbbüsü sadəcə beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev Qərbi Zəngəzurun 1920-ci ildə SSRİ tərəfindən Azərbaycanın əlindən alınmasını və bunun Azərbaycan xalqına qarşı tarixi cinayətlər silsiləsinin bir hissəsi olduğunu vurğulayır. O, eyni zamanda ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürülməsini, Qarabağ xanının öldürülməsini, Xocalı soyqırımını və 20 Yanvar faciəsini xatırladaraq, Azərbaycanın tarixi ədalətin bərpası üçün mübarizəsini davam etdirəcəyini bildirdi. Azərbaycan xalqı tarix boyu çoxsaylı haqsızlıqlarla üzləşib, lakin mübarizəsini davam etdirərək müstəqilliyini bərpa edib və ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin vurğuladığı bu tarixi hadisələr Azərbaycanın keçmişdən dərs çıxararaq, gələcəyini daha güclü qurmaq əzmini nümayiş etdirir. Azərbaycanın əsas məqsədi tarixi ədalətin bərpası, ərazi bütövlüyünün qorunması və xalqın suverenliyinin təmin edilməsidir.
Zəngəzur tarixi Azərbaycan torpağıdır və burada əsrlər boyu azərbaycanlılar yaşamışdır. Lakin 1920-ci ilin noyabrında Sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana vermişdir. Bunun nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi kəsilmişdir. Azərbaycanlılar Zəngəzurdan zorla qovulmuş və ermənilərin burada məskunlaşması üçün şərait yaradılmışdır. Bölgədə etnik təmizləmə aparılaraq Qərbi Azərbaycan torpaqları azərbaycanlılardan təmizlənmişdir. Qərbi Azərbaycan əsrlər boyu azərbaycanlıların yaşadığı torpaqlar olub. XX əsr boyu burada yaşayan azərbaycanlılar dəfələrlə etnik təmizləməyə məruz qalıb və nəhayət 1988-1991-ci illərdə tamamilə qovulublar. Qərbi Azərbaycanda baş verən deportasiyalar nəticəsində Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı və ermənilər buranı tam nəzarətə götürdülər. Bu, həm də Qərbi Azərbaycanda azərbaycanlıların yaşamaq hüququnun tapdalanması demək idi.
Zəngəzur Dəhlizi təkcə Azərbaycan üçün deyil, bölgənin iqtisadi inkişafı və geosiyasi balansın dəyişməsi üçün mühüm bir layihədir. Ermənistan öz öhdəliklərini yerinə yetirməli və Azərbaycana maneəsiz keçid verməlidir. Azərbaycan bu dəhlizi reallaşdırmaq üçün siyasi, diplomatik və iqtisadi vasitələrlə mübarizəsini davam etdirəcək.Bu layihənin reallaşması təkcə Azərbaycanın deyil, bütün regionun logistika və ticarət imkanlarını artıracaq, iqtisadi inteqrasiyanı sürətləndirəcək və yeni geosiyasi reallıq yaradacaq.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı