AZ

"Kəşfiyyat, regionda təxribatlar..." - Aİ-nin Ermənistandakı missiyasının ƏSAS MƏQSƏDİ

Avropa İttifaqının (Aİ) səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur. Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

 

Sözügedən qərar regionda gərginliyin yaranmasına səbəb ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, missiyanın məqsədi guya Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək idi. Onun sözlərinə görə, ötən müddət ərzində İrəvan, nəinki, bu öhdəliklərini yerinə yetirmədi, həm də kəşfiyyat və diversiya işləri ilə məşğul oldu:

 

“Əslində missiyanın Ermənistana yerləşdirilməsində əsl məqsəd Aİ-nin Cənubi Qafqaza soxulması və proseslərə müdaxilə etməsi idi. Qərb oyunçuları, o cümlədən Aİ Cənubi Qafqazda sülh və sabitlik istəmir. Əks halda, buna çoxdan nail ola bilərdi. Ən azından regional əməkdaşlıq mühitinin təmin olunmasına töhfə verərdi. Aİ isə bunun əksini edir, Ermənistanı silahlandırır”.

 

Müsahibimiz bildirdi ki,  İttifaqın Ermənistana missiya göndərməsi də gələcək təxribatçı fəaliyyətə yönəlmişdi:

 

“İndi missiyanın fəaliyyət müddətinin uzadılması göstərir ki, Aİ regionla bağlı məkrli planlarından əl çəkməyib. Əksinə, gələcəkdə məhz missiya vasitəsilə kəşfiyyat məlumatlarının əldə olunaraq Ermənistana ötürülməsi, habelə təxribatçı addımların atılması mümkündür. Bu isə regional sülhə yox, yeni gərginliyə rəvac vermək deməkdir”.

 

Xatırladaq ki, Aİ missiyası 2023-cü ildə Ermənistanda yerləşdirilib.

 

Günay Rəsulqızı

Seçilən
2
7
sfera.az

10Mənbələr