AZ

Azərbaycanın nəqliyyat strategiyası: Prezidentin mesajları və Zəngəzur dəhlizinin perspektivi– ÖZƏL

"Cənab Prezident nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə nəqliyyat infrastrukturunun inkişafı, görülən işlər, icra edilən layihələr və nəzərdə tutulan fəaliyyətlə yanaşı ölkəmizin ərazisindən keçən beynəlxaq nəqliyyat dəhlizləri və Azərbaycanın təqdim etdiyi imkanlar haqqında da danışdı.
Ölkə başçısı çox vaciv məqama toxunaraq Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etməyin mümkün olmadığını bildirdi. Həqiqətən də son illər ərzində həyata keçirilən layihələr, nəqliyyat infrastrukturuna yatırılan sərmayə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişdir. 
Ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin həcminin ildən-ilə artması bunun ən bariz sübutudur. Yüklərin daha səmərəli daşınması üçün olduqca yaxşı infastruktur yaradılıb, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları fonunda ortaq, müştərək müəssisələr qurulub".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Prezidentin də qeyd etdiyi kimi adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələr olur ki, onların açıq dənizlərə çıxışı olsun. Bizim belə bir çıxışımızın olmasına baxmayaraq, görülən işlər nəticəsində Azərbaycan çox mühüm nəqliyyat mərkəzinə çevrilməyi bacarıb. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində yüklərin həcminin artması əlavə tədbirlərin görülməsini də zəruri edir və bu istiqamətdə də fəaliyyət həyata keçirilir. 
Prezident müşavirədə həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxundu və bird aha həm Ermənistana, həm də bu dəhlizin açılmasına maneçilik törədənlərə mesaj da ünvanladı. Zəngəzur dəhlizinin mütləq şəkildə həyata keçəcəyini deyən ölkə başçısı bu layihənin Azərbaycan layhəsi olduğunu xüsusilə vurğuladı. Həqiqətən də İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona məhz Azərbaycanın davamlı səyləri nəticəsində salınıb. Ermənistan hər nə qədər bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləsə də 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. 10 noyabr sənədi isə kommunikasiya xətlərinin blokadan çıxarılmasını Ermənstanın üzərinə öhdəlik kimi qoyur. 
Ölkə başçısı çıxışında Paşinyanın "Sülh kəsişməsi" layihəsinə də münasibət bildirdi və bu layihənin Azərbaycansız iki qəpiklik də qiyməti olmadığını bildirdi. Bu həqiqətən də belədir və bunu Paşinyanla yanaşı Ermənistanın həmin layihəni təqdim etdiyi bütün ölkələr də bilir. Təsadüfi deyil ki, əgər  Paşinyan əvvəl Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsi ilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərindən danışırdısa, daha sonra bunun Azərbaycansız mümkün olmadığını dərk etdiyi üçün Azərbaycan və Türkiyəni də əhatə edən faktiki olaraq yeni bir layihədən danışır. Cənab Prezidentin də dediyi kimi həmin layihə Azərbaycansız kağız parçasından başqa bir şey deyil. 
Bu gün Ermənistanın düşdüyü durumdan və faktiki olaraq dalan dövlətdən çıxmaq üçün yeganə yolu Azərbaycann şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasıdır. Bizim Ermənistandan fərqli olaraq alternativlərimiz mövcuddur. Naxşçıvana və əks istiqamətə İran ərazisindən yüklər və sərnişinlərin keşməsi ilə yanaşı Gürcüstan, Türkiyə ərazilərindən keçməklə də bağlantı yaratmaq imkanlarımız var. Odur ki, biz olmadan və Zəngəzur dəhlizi açılmadan Ermənistanın tranzit ölkəyə çevrilmə arzularının reallaşması imkansızdır. 
Prezidentin də dediyi kimi, bizim Ermənistana hər hansı ərazi iddiamız yoxdur. Amma biz Qərbi Zəngəzurun sovet hakimiyyəti tərəfindən 1920-ci ilin noyabrında əlimizdən alınmasını da ərazilərimizdə qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin yaradılmasını da ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsini də, Xocalı soyqırımını, 20 Yanvarı və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalını da unutmamışıq. Bütün bunlara rəğmən bizim tək şərtimiz Azərbaycandan Azərbaycana maneəsiz keçidin, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçidin təmin olunmasıdır. Bunu tələb etmək bizim haqqımızdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr