Nəticədə, bir dəfəyə 2 milyondan çox vəsait Fransa şirkətinə yönləndirilir. Məsələ ondadır ki, Fransa açıq şəkildə ermənilərə dəstək verir və onlara silah satır. Belə olan halda, Azərbaycanda bu olimpiadanın keçirilməsi və ödənişlərin məhz Fransaya getməsi ölkə ictimaiyyətində ciddi suallar doğurur.
Bəs biz niyə dolayısı ilə Fransaya maliyyə dəstəyi göstəririk?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Ajans.az-a açıqlamasında bildirib ki, bu olimpiada Fransada fəaliyyət göstərən bir şirkət tərəfindən təşkil olunur və hər il Azərbaycan məktəblərindən milyonlarla vəsait həmin şirkətə köçürülür:
"Olimpiada 2-10-cu siniflər üçün nəzərdə tutulur və hər iştirakçı şagirddən 20 manat ödəniş tələb olunur. Hər rayon üzrə ən azı 100 şagirdin bu olimpiadaya qoşulması tövsiyə edilir. Xüsusilə lisey və gimnaziyalarda bu rəqəm daha yüksək, 200-300 nəfər arasıdır. Bəzi məktəblərdə 250-300 nəfərlik planlar müəyyən edilib. Ümumilikdə, ölkə üzrə 100 mindən çox şagirdin iştirakı təmin olunur. Məsələnin diqqətçəkən tərəfi isə budur ki, Fransa açıq şəkildə Ermənistana hərbi yardım göstərən ölkələrdən biridir".
Ekspert bildirib ki, məktəblər və yerli təhsil orqanları şagirdləri bu olimpiadada iştirak etməyə təşviq edir. Bəzi hallarda valideynlər ödəniş etmədikdə məktəb direktorları pulu öz hesablarına ödəməli olurlar:
"Hər il bu olimpiadadan 2 milyondan çox vəsait toplanır. Bu vəsaitin bir hissəsi Fransa şirkətinə ötürülür. Prosesin tam şəffaf olmaması isə cəmiyyətdə suallar doğurur. Azərbaycan məktəblərindən böyük məbləğdə pulların çıxarılaraq xarici bir şirkətə yönləndirilməsi ciddi araşdırılmalıdır. Fransanın Ermənistanı silahlandırdığı açıq fakt olduğu halda, ölkəmizdə belə bir olimpiadanın keçirilməsi suallar doğurur".
Elşən Qafarov qeyd edib ki, “Kenguru” olimpiadası tək deyil – müxtəlif digər layihələr də oxşar qaydalarla həyata keçirilir və nəticədə təhsil sistemi kommersiya məqsədilə istifadə edilir.