Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, dünən 60 yaşınız tamam oldu, Sizi bir daha təbrik edir və bir neçə sualımızı cavblandırmağınızı xahiş edirik...
AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərdində vurulmasından bir aydan da artıq vaxt keçməsinə baxmayaraq istintaqın gəldiyi ilkin nəticələr ictimaiyyət üçün açıqlanmır. Sizcə nə baş verir?
- Öncə həm Sizə, həm də məni təbrik etmiş, təbrik ünvanlamış hər kəsə öz dərin minnətdarlığımı bildirir, hər birinizə sevinc dolu həyat, uğurlar arzu edirəm.
Təyyarənin Qroznı üzərində vurulması sübuta ehtiyacı olmayan bir faktdır. Qalır ictimaiyyətə açıqlansın ki, bu hansı şəraitdə, necə baş verib və kimlər günahkardır. Azərbaycan Rusiya prezidentinin üzrxahlığını qəbul edib. Günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi məsələsi də öz həllini tapmalıdır. Rusiya, ehtiyatsızlıqdan olmuş olsa belə, bu ağır cinayəti törətmiş şəxsləri müəyyən edib cəzalandırmasa, bu, iki qonşu və müttəfiq ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin xalqlarının maraqlarına cavab verir. Qərb tərəfindən ölkəmizə olan təzyiqlər həm də bizim Rusiya ilə əlaqələrimizin indiki səviyyəsinə görədir. Xalqımızı qıcıqlandırmaq və insanlarımızın heysiyyatına toxunmaq üçün gecə-gündüz təbliğat aparırlar ki, Azərbaycanı Rusiya yönəldir. Biz bunun əksini sübut etmək üçün Rusiya ilə münasibətləri korlamamalıyıq. Ermənipərəst dairələrin istədiyi də elə budur. İnanıram ki, iqtidar Qərblə Rusiya arasında “qızıl orta”nı tapacaq və ölkəmizə təzyiqlərə son qoyulacaq, böyük dövlətlər sülhdə maraqlı olacaq və nəhayət ki, ölkəmizi müharibədən çıxara biləcəyik. Xalqımız 10 illərdir davam edən gərginlikdən xilas olub, rahat nəfəs alacaq. Trampın Putinə pərəstiş etdiyini nəzərə alsaq, Rusiya ilə münasibətlərin korlanması ABŞ ilə də münasibətlərin bərpasına əngəl olacaq.
Rusiyada da kimlərsə guya bizə “canıyananlıq” edərək, bizi Qərbin sanksiyalarından qorumaq üçün “ayı xidməti” göstərib, xalqlarımız arasında münasibətlərə ziyan vuran davranış sərgiləməməlidir. İnsanlar arasında münasibətlər zədələnəndə onu bərpa etmək çətin olur. Rusiya tezliklə günahını etiraf etməli və beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir. Vaxtilə Azərbaycanın Rusiyaya münasibətdə etdiyi kimi.
- Rusiya və İran Azərbaycana münasibətdə hörmətlə davranmasa, Zəngəzur dəhlizi açılmasa, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilişinə icazə verməliyikmi?